30 aprel 2012 14:08
Premyer Liqamızın əvəzolunmazları müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında geridə qalan 30-cu tur ərzində 180 qarşılaşma keçirilib. Azerisport.az xəbər verir ki, cəmi dörd futbolçu cari mövsümün bütün oyunlarında meydana çıxa bilib.
Ard-arda iki dəfə “Neftçi”də çempionluq yaşayan Slavço Georgiyevski heç bir qarşılaşmada komandasını tək buraxmayıb. “Neftçi”nin yarımmüdafiə xəttinin əsas oyunçularından olan Slavço Georgiyevskinin qazanılan çempionluqda, sözsüz ki, böyük payı var.
“Qarabağ”ın heyətində Admir Teli cari mövsümdə Qurban Qurbanovun ən çox etimadını qazanan futbolçudu. Ağdam təmsilçisinin müdafiə xəttinin əsas futbolçularından olan Admir Teli 30 qarşılaşmada əvəzolanmadan qarşılaşmaları başa vurub. Qeyd edək ki, Albaniyalı futbolçu cari mövsümdə Premyer Liqada əvəz olunmayan yeganə futbolçudu.
Turnir cədvəlinin sonuncusu “Sumqayıt”ın yarımmüdafiəçisi Kamil Nurəhmədov da bütün qarşılaşmalarda komandasına yardım edib. Nurəhmədov, cari mövsümdə keçirdiyi 30 qarşılaşmada 4 qol vurub.
“Kəpəz”in ukraynalı hücumçusu Yuri Fomenko komandasının heyətin ən çox oyun keçirən futbolçudu. Fomenko, həmçinin, vurduğu 11 qolla Bohadir Nasimovdan sonra Premyer Liqanın ən sərrast futbolçusudu.
Cari mövsümdə meydanda ən çox qalan futbolçu isə Admir Telidi – 2700 dəqiqə. Admir Telinin ən yaxın izləyiciləri Rahid Əmirquliyev (2610 d.), Yuri Fomenko (2599 d.), Dodo (2569 d.) və Eder Bonfimdi (2555 d.). (PFL)
