1 may 2012 17:02
DÇ-2012 ilə bağlı foruma yekun vuruldu (FOTOREPORTAJ)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən keçirilən “Respublika Gənclər Debat Forumu – Yaz 2012”-ə Gəncə şəhərində yekun vurulub. Azerisport.az xəbər verir ki, forumda respublikanın müxtəlif bölgələrindən 2 mindən artıq gənc iştirak edib.
İştirakçılara 4 ay ərzində öyrəndiklərini proqrama əsasən tətbiq etmək, öz bilik və bacarıqlarını nümayiş etdirmək kimi imkanlar verilib. Forumun seçim turunda münsiflər heyəti gənclərdə əsasən debat, natiqlik, idarəetmə, sahibkarlıq, karyera, liderlik kimi xüsusiyyətlərə diqqət ediblər. “Respublika Gənclər Debat Forumu – Yaz 2012”-də əsasən Respublikanın sosial-iqtisadi inkişafında gənclərin rolu mövzusunda maarifləndirici təlimlər və müxtəlif layihələr həyata keçirilib.
Forumda iştirak edən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri gənclərə təqdimat ediblər. Çempionatın ümumi tanıtımının və könüllülük proqramının təqdim edildiyi təqdimatda tələbələrə böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılıb.
Forumda iştirak edən Top-Top Qız tədbirin daha da rəngarəng keçməsinə səbəb olub. Forumun sonunda qalib komandanın üzvlərinə, ən yaxşı hakim və məşqçiyə çempionatın hədiyyələri təqdim edilib.
