1 may 2012 18:27
İngiltərə millisinin yeni baş məşqçisi bəlli oldu
Futbol üzrə İngiltərə milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, hazırda “West Bromwich”in sükanı arxasında olan Roy Hocsondu.
64 yaşlı mütəxəssis İngiltərə Futbol Assosiasiyası (FA) ilə 2016-cı ilədək müqavilə bağlayacaq. Onunla Londondakı “Uembli” stadionunda aparılan 4 saatlıq danışıqlardan sonra razılıq əldə olunub. Hocson bu postda Fabio Kapellonu əvəzləyib. Kapello fevralın 8-də FA-nın Con Terrini rasizm qalmaqalı ilə əlaqədar kapitan sarğısından məhrum etməsinə etiraz əlaməti kimi istefa verib. İtaliyalı mütəxəssisin gedişindən sonra yığma Stüart Pirsə tapşırılıb. Lakin gənclər millisinin baş məşqçisi əsas komandanın sükanı arxasında ikən yoldaşlıq görüşündə Hollandiyaya uduzub – 2:3.
Hocson ilk ciddi imtahanını 2012-ci il Avropa çempionatında verəcək. Polşa və Ukraynada təşkil olunan yarışda İngiltərə millisi D qrupunda yer alacaq. Rəqiblər isə Ukrayna, İsveç və Fransa olacaq.
Qeyd edək ki, “West Bromwich”dən öncə Roy Hocson İngiltərənin “Liverpool” və “Fulham” klublarının da baş məşqçisi olub. O, “Fulham” ilə 2010-cu ildə Avropa Liqasının finalınadək irəliləyib. Əcnəbi ölkələrdən isə İsveç, İsveçrə, Danimarka və İtaliya klublarında çalışmış Hocson Finlandiya və BƏƏ yığmalarına rəhbərlik edib.
