1 may 2012 19:34
“Neftçi bilsin ki, kubokun finalında kimlə qarşılaşacaq”
Futbol üzrə Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionun adı bəlli olsa da, Avropa Liqasına son iki vəsiqə uğrunda mübarizə davam edir. Azerisport.az xəbər verir ki, çempionatın sonuna iki tur qalmış “Bakı” klubunun məşqçisi Novruz Əzimov şanslarını belə dəyərləndirib:
“Bütün qarşılaşmalara qələbə qazanmaq üçün çıxırıq. “Neftçi” ilə cari mövsümdə dördüncü dəfə qarşılaşacağıq. Əvvəlki oyunlardakı uğursuzluqlara son qoymaq istəyirik. Həm biz, həm də “Neftçi” Avrokuboklara vəsiqəni təmin etdiyimiz üçün bəzi insanlar çempionatdakı oyunun formal xarakter daşıyacağını düşünür. Biz bu oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Həm də, “Neftçi” bilsin ki, Azərbaycan kubokun finalında kimlə qarşılaşacaq. Komandanın əsas heyətindən Duje Bakoviç, Maris Verpakovski, Novruz Məmmədov və Uinston Parks zədəli, Şəhriyar Əliyev isə cəzalıdır. Bu oyunçular, yəqin ki, növbəti turlarda da iştirak edə bilməyəcəklər. Ümid edirik ki, kubokun finalına kimi zədəli futbolçuların vəziyyəti normallaşacaq. Ancaq Şəhriyar Əliyev cəzalı olduğundan kubokun final oyununda da meydana çıxa bilməyəcək”.
