2 may 2012 13:02
Xəzər Lənkəran 300-cü oyuna çıxır
Azərbaycan Premyer Liqasının sonluğu “Xəzər Lənkəran” üçün yubileylərlə zəngin oldu. Azerisport.az xəbər verir ki, Premyer Liqada 350-ci qol, Lənkəran şəhər stadionunda 100-cü oyun, ev matçlarında 1000000-cu azarkeş kimi yubileylərin ardından “Xəzər Lənkəran” tarixinin 300-cü oyununa çıxacaq.
31-ci turun “Qəbələ” ilə ev oyunu komandanın tarixində 300-cü qarşılaşma olacaq. Belə ki, 2004-cü ildə yaranan komanda indiyədək 8 ildə 299 oyun keçirib. Təbii ki, 2005/06 mövsümünün ölkə kubokunun “MKT-Araz”la nəticələri ləğv olunub yenidən keçirilməli olan matçlar nəzərə alınmamaqla.
Komanda 300 oyun həddinə Azərbaycan çempionatı, kuboku, Birlik kuboku, Çempionlar Liqası və UEFA kuboku/Avropa Liqası turnirlərində iştirak etməklə çatıb. Qeyd edək ki, “Xəzər Lənkəran” 299 oyunda 163 qələbə qazanıb, 80 heç-heçə edib və 56 dəfə uduzub.
