2 may 2012 17:38
Millimizin forvardı baş məşqçisiz qaldı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin şərəfini qoruduğu Latviyanın “Metallurg” klubu baş məşqçisi Vladimir Osipovu postundan uzaqlaşdırıb.
Latviya çempionatının əsas favoritlərindən olan Liepaya təmsilçisi cari mövsümə çox yaxşı başlamışdı. Lakin maraqlıdı ki, iddialılara öz gücünü göstərməyi bacaran komandanın iki dəfə turnir cədvəlinin alt pillələrində olan klublara uduzması rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə, ehtiyatda da bir oyunu olan “Metallurg” hazırda 6 oyundan sonra 10 xalla on komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, Osipovla bu mövsümün əvvəlində 1 illik müqavilə imzalanmışdı. Amma o, müqaviləsinin sonuna kimi postunda qalmağı bacarmayıb. Hələlik komandanı növbəti oyunlara Osipovun köməkçisi Dmitri Kalaşnikov və idman direktoru Şenderis Qirşaviçyus hazırlaşdıracaq. Yeni baş məşqçinin kim olacağı isə dəqiq bilinmir.
