3 may 2012 00:25
Millimizin forvardı qol vurdu, komandası qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 8-ci turu çərçivəsində “Daugava” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Lakin buna baxmayaraq, liepayalılar çətin səfər matçında qələbə qazanmağa nail olublar. Bu qələbə sayəsində Liepaya klubu hazırda 7 oyundan sonra 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var. Komanda lider "Skonto"dan cəmi 4 xal geri qalır.
Baş məşqçi Vladimir Osipovun istefasından sonrakı ilk oyunda Vüqar da şans qazanıb. Millimizin üzvü hətta 69-cu dəqiqədə meydana çıxdığı bu oyunda cari mövsüm qol hesabını da açıb. Belə ki, hesab 2:1 komandasının xeyrinə olarkən - 86-cı dəqiqədə Vüqar təxminən 30 metrdən əla zərbə ilə görüşün yekun nəticəsini müəyyənləşdirib - 3:1.
Latviya çempionatı
8-ci tur
2 may
Daugava (Riqa) – Metallurg - 1:3
