3 may 2012 00:57
Yığmamızın qənimi ən güclü adını qazandı
Qazaxıstanın Almatı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş “Prezident kuboku”nun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin final görüşündə İran və Macarıstan yığmaları üz-üzə gəliblər.
Qarşılaşma iranlıların qələbəsiylə başa çatıb. Beləcə, İran U-17-si ənənəvi turnirin beşinci qalibi adını qazanıb.
Maraq üçün xatırladaq ki, Uran məhz Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparırdı. Futbolçularımız Gürcüstan (1:0) və Türkiyə üzərində (2:0) qələbə qazansa da, məhz İrana uduzaraq (0:3) finala çıxmaqdan məhrum olmuşdu. Ötən mövsüm bu turnirin qalibi adını qazanan Təbriz Həsənovun yetirmələri bu dəfə üçüncü yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalmışdı ki, meydan sahibi Qazaxıstanla görüşdə uğur qazana bilməmişdi – 1:1, penaltilərlə 4:5.
Sonda komandaların yekun nəticələrini təqdim edirik: İran, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Türkmənistan.
