3 may 2012 11:56
Fiorentina futbolçunu döyən məşqçisini qovdu
Futbol üzrə İtaliya A Seriyasının ötən gün baş tutan “Fiorentina” – “Novara” matçında meydan sahiblərinin baş məşqçisi Delio Rossinin komandanın aparıcı futbolçusu Adem Lyajiçi döydüyü barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, sözügedən mütəxəssisin bu addımı ona baha başa gəlib.
Belə ki, klub rəhbərliyi oyundan dərhal sonra Rossinin postundan qovulduğunu bəyan edib. Yeni baş məşqçinin kim olacağı isə hələlik bəlli deyil.
Bir daha xatırladaq ki, ötən gecə baş tutan 36-cı turun “Fiorentina” – “Novara” (2:2) matçının gedişində meydan sahiblərinin baş məşqçisi Delio Rossi komandasının üzvü Adem Lyajiçi döyüb. Buna səbəb sözügedən futbolçunun matçın 32-ci dəqiqəsində əvəzlənərkən baş məşqçisinə etirazı olub. Artıq ilk 30 dəqiqə ərzində doğma meydanda 2 cavabsız qolla məğlub duruma düşdüyü üçün onsuz da gərginlikdə olan meydan sahiblərinin düşərgəsində belə bir olayın baş verməsi vəziyyəti daha da gərginləşdirib. Komandasının çıxışından narazı olan mütəxəssisin bu qərarına yetirməsinin etirazı Delio Rossini ümumiyyətlə özündən çıxarıb. Bu üzdən də o, serbiyalı futbolçunu döyməyə başlayıb. Hadisə digər futbolçuların və məşqçilərin vəziyyətə müdaxiləsindən sonra sakitləşib. Bəzi dəyişikliklərdən sonra fasilədən sonra Rossinin yetirmələri məğlubiyyətdən xilas ola bilsə də, onun özünü bu olaya görə xilas edən tapılmayıb.
Sonda onu da bildirək ki, bu olaya görə serbiyalı futbolçunu da ciddi sanksiyalar gözləyir.
