5 may 2012 17:48
Amitsiz Erciyesspor üç xalı 2 qolla qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyənin TFF birinci liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Sakaryaspor” ilə qarşılaşıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Kayseri klubu bu oyunda növbəti qələbəsini qazanmağı bacarıb.
Son oyunda forma geyməyən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçi Kemalettin Şentürk futbolçumuza bu dəfə də şans verməyib. Amitin adı ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Kayseri klubu hazırda 33 oyundan sonra 46 xalla 8-ci pillədə qərarlaşıb. “Sakaryaspor” isə 21 xalla 17-cidi.
TFF birinci liqası
33-cü tur
5 may
Erciyesspor - Sakaryaspor - 2:0 (2:0)
Qollar: Sofiane Hanni, 1, İnsa Silla, 12.
