8 may 2012 12:48
Klublarımızın hamısı səpələnmişlər sırasında ola bilər
Azərbaycanı Avropa Liqasında təmsil edəcək hər üç klub bu turnirin ilkin təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər siyahısında ola bilər. Azerisport.az xəbər verir ki, bu, daha çox hansı klublarımızın Avroliqaya vəsiqə qazanmasından asılıdı.
Məlum olduğu kimi, “Bakı” artıq Avroliqaya vəsiqəni təmin edib. “Zolaqlılar”ın Avropa reytinqində balı heç də pis deyil - 3.241. Bunun sayəsində paytaxt klubu püşkatmada səpələnmişlər arasında yer alacaq. Belədə, “Bakı”nın bəxtinə səpələnməmişlər arasından zəif rəqib çıxacağı dəqiqdi.
Zəif rəqiblə qarşılaşmaq şansına malik olan daha bir klubumuz “Qarabağ”dı. Hesabında 5.241 reytinq xalı olan Ağdam klubu sadəcə Premyer Liqanın son turunda Avroliqaya vəsiqə qazanmalıdı ki, bu şansından maksimum yararlana bilsin.
Avropa Liqasında oynamaq şansına malik olan daha bir klub “İnter”di ki, əslində bu komandanın da Avropadakı göstəricisi pis deyil - 2.491. Lakin “bankirlər” Avroliqaya vəsiqə qazansa, səpələnmişlər və ya səpələnməmişlər sırasına düşməsi daha çox iştirakçı klubların yerləşməsindən asılı olacaq.
Avroliqaya getmək şansına malik olan daha bir klubumuz “Xəzər Lənkəran”dı. Amma “ağ-yaşıllar” ən aşağı reytinqə (1.991) malik təmsilçimizdi. Bu üzdən də cənublular Avroliqaya getsə, güman ki, özündən güclü komandayla mübarizə aparmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edəcək daha bir komanda “Neftçi”di. Son ölkə çempionu Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Artıq paytaxt klubunun səpələnməmişlər sırasında olacağı və özündən güclü rəqiblə qarşılaşacağı indidən bəllidi.
