9 may 2012 19:36
“Qarabağ, XL və İnterin Avroliqaya çıxmaq şansı bərabərdi”
“İnter”in gürcüstanlı müdafiəçisi İlia Kandelaki müsahibəsində “Qarabağ”la baş tutan oyun barədə danışıb, “Bakı” ilə gözlənilən matç haqqında fikirlərini açıqlayıb, komandanın avrokuboklara düşmək şanslarını dəyərləndirib və klubla müqaviləsinin uzadılmasından bəhs edib.
- Öncədən də məlum idi ki, “Qarabağ”la qarşılaşma “İnter” üçün asan olmayacaq, belə də oldu. Komanda final fitinə az qalmış qol buraxdı və uduzdu. Keçirilən matç barədə fikirlərinizi bilmək istərdik...
- Çətin oyun oldu. Təəssüf ki, həmin gün istədiyimiz alınmadı. Ev sahibləri qapımız önündə daha çox vəziyyət yaratdılar və onlardan biri də qol ilə nəticələndi. Zənnimcə, matçı heç-heçə ilə başa vurmağa olan həddən artıq istəyimiz bizi pis vəziyyətə saldı. Yəni biz rəqibin qapısına yol tapmaqdan daha çox qapımızın toxunulmazlığı barədə düşünürdük. “Qarabağ” isə kifayət qədər yaxşı futbol sərgilədi. Yəqin ki, bu “Qarabağ”ın indiki mövsümdə ən yaxşı oyunlarından biri oldu.
- Sizə elə gəlmir ki, “İnter”in məğlubiyyətə uğramasının səbəblərindən biri rəqibin böyük motivasiyası oldu? Çünki bu qarşılaşma Avropa Liqasında oynamağa imkan verəcək zonaya düşmək üçün son şans idi...
- Bu, “Qarabağ” üçün son şans idi və ola bilər ki, onlar qələbə qazanmağı bizdən daha çox istəyirdilər. Axı bizə bu qarşılaşmada heç-heçə də sərf edirdi. Onların itirəcəkləri heç nə yox idi və məhz buna görə də böyük qüvvəylə hücuma keçirdilər, daim irəliyə getdilər. Lakin bizim də bu oyuna motivasiyamız yüksək idi, amma təəssüf ki, elə ilk dəqiqələrdən oyunumuz alınmadı.
- Komandanın son görüşlərində futbolçuların hərəkətlərində müəyyən yorğunluq hiss olunur. Bu, futbolçulara ən yaxşı bacarıqlarını nümayiş etdirməyə mane olurmu?
- Əlbəttə ki, hər üç gündən bir 90 dəqiqə oynamaq çətindir, bir də ki, “Neftçi” və “Qarabağ” kimi komandalara və ilk “altılıq”dakı digər güclü rəqiblərə qarşı oynamaq ağırdır. Axı heç birində rahatlaşmaq olmaz. Lakin, bununla belə, qeyd etməyə də dəyər ki, bizim digər rəqiblərimiz də eyni qrafik üzrə çıxış edir və hamımız bərabər şərtlərdəyik. Çox şey futbolçulardan da asılıdır, axı bütün oyunçular müxtəlif səviyyədə yorulurlar: biri daha çox, digəri bir az.
- Ancaq “Qarabağ”la oyunda məğlubiyyət “İnter”ə Avropa Liqasına düşmək üçün heç də pis şanslar qoymadı. Bu məqsədə nail olmaq üçün komandamızın mövsümün son oyununda qələbə qazanması kifayətdi...
- Bəli, ən əsası da budu. Bizə diqqətimizi rəqiblərin oyunlarına istiqamətləndirmək yox, qarşıdakı oyunda qələbə qazanmaq lazımdır. Yalnız bu halda məqsədimizə nail ola bilərik. Bizim düşüncələrimiz tamamilə “Bakı” ilə keçirəcəyimiz matça yönəlib, rəqiblərin oyunları barədəsə, zənnimzə, düşünməyə dəyməz.
- “Bakı” ilə beşinci gün keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, bu qarşılaşma asan olacaq və yüz faizlik əminliklə deyə bilmərəm ki, biz bu oyunda mütləq qəlib gələcəyik. Əminəm ki, qarşılaşma mübarizə şəraitində keçəcək və hər iki komandaya çətin olacaq. Baxmayaraq ki, “Bakı” çempionata motivasiyasını itirib, bu vəziyyət onlara ötən turda “Neftçi”yə qalib gəlmələrinə mane olmadı və bu da ondan xəbər verir ki, “Bakı” bizə müqavimət göstərəcək. Bir sözlə, oyun çətin olacaq və avrokuboklara çıxmaq üçün bizə mütləq qalib gəlmək lazımdır.
- “İnter”in avrokuboklara çıxmaq şansını faiz nisbətilə necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, iki vəsiqəyə iddia edən hər üç komandanın şansları təxminən bərabərdir. Axı hər üç komandanın taleyi öz əlindədir, Avropa Liqasına yollanmaq üçün bütün komandalara qələbə qazanmaq kifayətdi. “Xəzər Lənkəran”asa hətta heç-heçə də sərf edir. Təkrar edirəm ki, komandaların şansları taxminən bərabərdir və son tur bütün suallara cavab verəcək. Belə də komandaların şansı 50-50-di.
- Yayda sizin “İnter”lə müqavilənizin müddəti başa çatır. Maraqlıdır, əməkdaşlığın davam etdirilməsi barədə klub rəhbərliyilə danışıq aparmısınız?
- Səmimi desəm, bu barədə hələ söhbət etməmişik. Hazırda qarşıdakı matça koklənmişik, qarşılaşmadan sonra gələcəyimi müəyyənləşdirəcəyəm.
- Maraqlıdı, klubla müqavilənizin müddətini uzatmağı istərdinizmi?
- Əlbəttə ki, “İnter”də qalmaq və karyeramı burada davam etdirmək istərdim. Ancaq təkrar edirəm ki, bu məsələlər mövsümün başa çatmasından sonra həllini tapacaq.
