10 may 2012 18:32
Neftçi çempionluq kubokuna sabah qovuşacaq
Futbol üzrə Azərbaycan çempionatının 2011/12 mövsümünün qalibi adını qazanan “Neftçi” çempionluq kubokunu sabah alacaq. Azerisport.az xəbər verir ki, mövsümün sonuna üç tur qalmış hədəfinə çatan “ağ-qaralar”ın mükafatlandırılma mərasimi Premyer Liqanın 32-ci turunun “Qəbələ” ilə oyunu başa çatandan sonra təşkil olunacaq.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, mükafatlandırma mərasimi xüsusi atəşfəşanlıqla qeyd olunacaq. Lakin çempionluq medalları, eləcə də ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinin medalları mövsüm başa çatandan sonra xüsusi mərasim zamanı təqdim olunacaq.
