13 may 2012 01:20
Vüqar Əsgərov Latviya kubokunu qazana bilmədi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya kubokunun final matçında iştirak edib. Azerisport.az xəbər verir ki, o, ölkə kubokunun həlledici oyununda “Skonto” ilə görüşün iştirakçısı olub.
Qeyd edək ki, görüş elə Liepayadakı “Dauqava” stadionunda keçirilirdi. Bu üzdən də “Metallurg” özü üçün doğma olan arenada Latviya futbolunun ən aparıcı klubunu məğlub etməklə növbəti titulunu qazana bilərdi. Maraq üçün xatırladaq ki, Əsgərovun komandası indiyə qədər 9 dəfə (1946, 1947, 1948, 1953, 1954, 1955, 1963, 1964 və 2006-cı illərdə) Latviya kubokuna sahib çıxmışdı. Liepayalılar tarixinin 10-cu belə uğuruna imza atmağı hədəfləmişdilər.
Lakin onların bu arzusu reallaşmayıb. Qarşılaşmada hesabı 55-ci dəqiqədə "Skonto" açıb. Bundan az sonra - 62-ci dəqiqədə "Skonto" azlıqda qalıb. Bundan yararlanan "Metallurg" 75-ci dəqiqədə hesabı bərabərləşdirib. Amma qalan dəqiqələrdə qapılara qol vurulmadığından, görüş əlavə vaxta, hətta penaltilərə kimi uzanıb.
Görüşə ehtiyatda başlayan Əsgərov da meydana məhz əlavə vaxtda çıxıb. Belə ki, məşqçilər həmyerlimizi görüşün 107-ci dəqiqəsində döyüşə atıblar. Amma Vüqar da azlıqda mübarizə aparan rəqibə qol vura bilməyib. Beləcə, qarşılaşmanın taleyini penaltilər həll edib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Skonto" 4:3 hesablı qələbə sayəsində Latviya kubokunun sahibi olub.
Latviya kuboku
Final
12 may
Metallurg - Skonto - 1:1 (penaltilərlə 3:4)
