11 may 2012 14:39
Qus Hiddink yenidən Berti Foqtsa rəqib olur
Rusiyanın “Anji” klubunun baş məşqçisi Qus Hiddink yenidən Azərbaycan yığmasına və millimizin çalışdırıcısı Berti Foqtsa rəqib ola bilər. Azerisport.az xəbər verir ki, Rusiya yığmasının baş məşqçisi Dik Advokat qarşıdakı AÇ-dən sonra Hollandiyanın PSV klubuna gedəcək.
Bu üzdən də ruslar hazırda Advokata əvəzləyici axtarışındadılar. Bu mənada ən real əvəzləyicilərdən biri isə Hiddink hesab olunur. Hollandiyalı mütəxəssisin baş məşqçi postunda həmyerlisini əvəzləyəcəyi bildirilir. Onun eyni zamanda həm klubda, həm də yığmada çalışması da istisna olunmur. Bu barədə Hiddink özü açıqlama verib.
Qeyd edək ki, Rusiya yığmasını çalışdırmağa digər namizədlər arasında “Zenit”in italiyalı baş məşqçisi Luçano Spalletti, gənclərdən ibarət yığmaya rəhbərlik edən Nikolay Pisarev, eləcə də “Alaniya”nın prezidenti Valeri Qazzayev də var.
Xatırladaq ki, Hiddink artıq Rusiya yığmasının sükanı arxasında çalışıb. O, DÇ-2010-un seçmə mərhələsində məhz millimizə qarşı mübarizə aparıb. Daha sonra isə o, Türkiyə millisinin sükanı arxasında çalışarkən AÇ-2012-də Berti Foqtsla üz-üzə gəlib. İndi holland mütəxəssis yenidən Rusiya yığmasına qayıtsa, DÇ-2014-ün seçmə mərhələsində yenidən Azərbaycana və Foqtsa rəqib olacaq.
