12 may 2012 15:12
Klublarımızın hamısı səpələnmişlər sırasında!
Azərbaycanı Avropa Liqasında təmsil edəcək hər üç klub bu turnirin ilkin təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər siyahısında olacaq. Azerisport.az xəbər verir ki, bu, Avroliqadakı iştirakçılarımızın startda daha zəif rəqiblərlə qarşılaşmasına şərait yaradacaq.
Məlum olduğu kimi, “Bakı” Avroliqaya vəsiqəni kubokun finalına çıxmaqla təmin edib. “Zolaqlılar”ın Avropa reytinqində balı heç də pis deyil - 3.241. Bunun sayəsində paytaxt klubu püşkatmada səpələnmişlər arasında yer alacaq. Belədə, “Bakı”nın bəxtinə səpələnməmişlər arasından zəif rəqib çıxacağı dəqiqdi.
Zəif rəqiblə qarşılaşmaq şansına malik olan daha bir klubumuz “İnter”di ki, bu komandanın da Avropadakı göstəricisi pis deyil - 2.491. “Bankirlər” də Avroliqanın ilkin mərhələsində səpələnmişlər sırasında olacaqlar.
Avroliqadakı daha bir təmsilçimiz isə “Xəzər Lənkəran”dı. “Ağ-yaşıllar” ən aşağı reytinqə (1.991) malik təmsilçimizdi. Bu üzdən də cənubluların özündən güclü komandayla mübarizə aparması da istisna olunmur. Lakin qitənin ikinci dərəcəli klub turnirinə vəsiqə qazanacaq klubların reytinq sıralaması imkan versə, “Xəzər Lənkəran” da ilkin mərhələdə zəif rəqiblə qarşılaşmalı olacaq. Bu ehtimal kifayət qədər yüksəkdi.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edəcək daha bir komanda “Neftçi”di. Son ölkə çempionu Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Artıq paytaxt klubunun səpələnməmişlər sırasında olacağı və özündən güclü rəqiblə qarşılaşacağı indidən bəllidi.
