15 may 2012 11:42
Bartona doqquz oyunluq diskvalifikasiya!
Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün sonuncu – 38-ci turunda oynanılan “Manchester City” – “Queens Park” matçı nəticəsi ilə yanaşı həm də böyük səs-küyə səbəb olan bir olayla da yadda qalan oldu. Azerisport.az xəbər verir ki, qonaq komandanın futbolçusu Coy Barton meydan sahiblərinin argentinalı ulduzu Serxio Aqueroya təpik atmışdı ki, bu da hazırda İngiltərədə ən çox danışılan məsələlərdən biridi.
Qeyd edək ki, Coy Barton matçın 55-ci dəqiqəsində öncə Karlos Tevesin sifətinə dirsəklə zərbə endirdiyinə görə hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Lakin o, məhz meydandan qovularkən əsəblərinə sahib ola bilməyib və Aqueroya da təpik endirməklə hirsini soyutmağa çalışıb.
Lakin bu hərəkəti Bartona baha başa gələcək. Belə ki, İngiltərə Futbol Federasiyasının bu oyunçunu 9 matçlıq diskvalifikasiya edəcəyi bildirilir.
Maraq üçün onu da qeyd edək ki, “Manchester City” matçın əlavə vaxtında hesab 1:2 olarkən iki qol vuraraq möcüzəvi şəkildə çempionluğunu rəsmiləşdirdi. Barton meydandan qovularkən isə hesab 1:1 idi.
