15 may 2012 16:08
AFFA hakimləri döyən baş məşqçiyə 10 oyunluq cəza verdi
AFFA İntizam Komitəsi hakimləri və bir-birilərini təhqir edən futbolçuları cəzalandırıb. Azerisport.az xəbər verir ki, U-11 Liqasının “Xəzər Lənkəran” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı”nın məşqçisi İlyas Qurbanov hakimləri təhqir edib və meydançadan kənarlaşdırılıb. Qurbanov matç başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq hakimlərə fiziki təsir göstərib. Bu səbəbdən məşqçi 10 oyunluq cəzalandırılıb.
U-17 liqasının “Neftçi” İSM – “Turan” oyununun 71-ci dəqiqəsində “Neftçi” İSM-in futbolçusu Zaur Quliyevlə “Turan”ın oyunçusu Mehman Hacıyev bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı alıb. Hər iki futbolçu 3 oyunluq cəzalandırılıb.
Bu liqanın AZAL – “Bakı” matçının 38-ci dəqiqəsində AZAL-ın baş məşqçisi Elnur Zeynalov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-16 liqasının “İnter” – AZAL oyununun 70-ci dəqiqəsində “İnter”in futbolçusu Abdulla Quliyev qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzaya məruz qalıb.
Bu liqanın “Bakı” – “Neftçi” oyunun 59-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb.
Futzal üzrə Azərbaycan çempionatının EKOL – “Qala” matçı başa çatdıqdan sonra “Qala”nın futzalçısı Əşrəf Əliyevlə Behram İsmayılov hakimləri təhqir edib. Hər iki oyunçu 4 oyunluq cəzalandırılıb.
