15 may 2012 18:55
Qus Hiddink Azərbaycana rəqib olmaq istəmədi
Rusiyanın “Anji” klubunun baş məşqçisi Qus Hiddink yenidən Azərbaycana rəqib olmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, Mahaçqala təmsilçisinin hollandiyalı çalışdırıcısının yenidən Rusiya millisinin sükanı arxasına keçməsi ehtimalı var idi.
Lakin o, “Anji” ilə müqaviləsinin müddətini 2013-cü ilin yayına qədər uzadıb. Bu isə o deməkdi ki, Hiddink Rusiya millisini çalışdırmaqdan daha çox, hazırkı postunda qalmaqda maraqlıdı.
Qeyd edək ki, Rusiya millisi DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibidi. Şimal qonşularımızın hazırkı baş məşqçisi Dik Advokat qarşıdakı AÇ-dən sonra istefa verəcəyindən, ruslar ona əvəzləyici axtarırlar. Bu üzdən də vaxtilə Rusiya millisini çalışdırmış Hiddinkin də yenidən bu posta gətirilməsi variantı gündəmdə idi. Hollandiyalı mütəxəssis həm Rusiya yığmasında işlədiyi vaxt, həm də Türkiyə millisinin sükanı arxasında artıq iki seçmə tsikldə Azərbaycana qarşı mübarizə aparıb.
