15 may 2012 20:46
AÇ-2020 yolunda Türkiyənin yeni rəqibləri peyda oldu
Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi uğrunda mübarizədə Türkiyəyə yeni rəqiblər ortaya çıxıb. Azerisport.a xəbər verir ki, İrlandiya, Şotlandiya və Uels birgə təşkilatçılıq niyyəti ilə UEFA-ya müraciət ediblər.
Eyni zamanda Gürcüstan da öz namizədliyini irəli sürüb. Rəsmi müraciət müddəti mayın 15-də Bakı vaxtı ilə saat 19:00-da tamamlanacaq. Türkiyə AÇ-2020-yə ev sahibliyi etmək istəyini aprelin 17-də açıqlayıb. Digər namizədlər olmasaydı, qardaş ölkə təşkilatçı ölkə elan olunacaqdı. Lakin indi UEFA namizədlər arasında seçim aparmalı və qərarını 2013-cü ilin sonları – 2014-cü ilin əvvəllərində açıqlamalıdı.
Qeyd edək ki, UEFA prezidenti Mişel Platini Türkiyənin Avropa çempionatına ev sahibliyi etmə şanslarının yüksək olduğunu, lakin bunun üçün İstanbulun 2020-ci il Yay Olimpiya Oyunlarına təşkilatçılıq etməməsinin vacibliyini açıqlayıb. Gürcüstanla birgə Azərbaycanın da AÇ-2020-yə namizədliyi gündəmdə olub. Lakin sonda ölkəmiz 2020-ci il olimpiadasına üstünlük verib.
