15 may 2012 00:06
Lionel Messi yeni rekord müəyyənləşdirib, Qızıl butsa sahib çıxdı
İspaniyanın “Barcelona” klubunun futbolçusu Lionel Messi yeni rekord müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, argentinalı hücumçu 2011-2012-ci il mövsümündə İspaniya çempionatında 50 qol vurub.
Onun əsas rəqibi, “Real”da çıxış edən Kristiano Ronaldo isə 46 qolla kifayətlənib. Messi artıq ikinci mövsümdü bombardir olur. 25 yaşlı forvard 2009/10 mövsümündə rəqib qapılarının torunu 34 dəfə silkələmişdi.
Bu mövsüm Messi həm də “Barcelona” tarixinin ən yaxşı bombardirinə çevrilib. Hesabında 252 qol olan argentinalı futbolçu bütün dövrlərin qolçusu Sezar Rodriqesi 20 top qabaqlayıb.
Nəhayət, mövsümün son oyunu – “Barsa”nın mayın 25-də “Atletik”lə keçirəcəyi ölkə kubokunun final matçı öncəsi “Qızıl top”un 3 qat sahibinin hesabında 72 qol var. Bu göstəricidə Messi 1972-1973-cü il mövsümündə Almaniyanın “Bayern” klubunun heyətində 67 qol vurmuş Herd Mülleri qabaqlayıb.
Bu mövsümkü uğurları sayəsində Messinin Avropada “Qızıl buts” mükafatını təmin etməsi rəsmiləşib. Çünki o, eyni zamanda Avropada da bombardirlər yarışında ilk pilləni ələ keçirib. Qitənin digər milli birinciliklərində heç bir hücumçu onun bu məhsuldarlığına kölgə sala bilməyib.
Maraq üçün xatırladaq ki, Messi bu mükafatı 2009/10 mövsümündə də qazanmışdı. O vaxt “Qızıl buts” 34 qolla başa gəlmişdi. Sözügedən mükafatın ötən mövsümkü qalibi isə Kristiano Ronaldo olub.
