16 may 2012 01:55
Fortuna Bundesliqaya vəsiqə qazandı, qalmaqal yarandı
Futbol üzrə Almaniya Bundesliqasına son vəsiqə uğrunda cavab pley-off oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Bundesliqanın yenicə başa çatan mövsümündə 16-cı yeri tutan “Hertha” ikinci Bundesliqadan gələn komandalardan biri ilə - “Fortuna” ilə pley-off matçı keçirmək məcburiyyətində qalıb.
Bu komandalar arasındakı ilk görüş məhz “Hertha”nın meydanında baş tutmuşdu. Elita təmsilçisi aşağı liqadan gələn rəqibinə məğlub olmuşdu – 1:2. Düsseldorf təmsilçisi cavab görüşündə də bu üstünlüyünü qoruyaraq, elitaya yüksəlməyi bacarıb.
Lakin cavab görüşü böyük qalmaqalla yaddaqalan olub. Belə ki, görüşün hətta əlavə olunmuş vaxtının da bitməsinə cəmi 1 dəqiqə qalmış yerli fanatların stadiona axışmağa başlaması oyunun yarıda qalmasıyla nəticələnib. Yalnız təhlükəsizlik xidmətinin 30-35 dəqiqəlik çalışmasından sonra azarkeşləri yerlərinə qaytarmaq mümkün olub və baş hakim komandaların stadiona qayıtmasına razılıq verib. Hakimin cəmi bir dəqiqəlik davam etdirilən oyundan sonrakı final fiti ilə "Fortuna"nın Bundesliqaya çıxması rəsmiləşib.
Beləcə, “Fortuna” bu qələbə sayəsində əsas Bundesliqaya yüskəlib. Maraq üçün qeyd edək ki, Düsseldorf klubundan fərqli “Greuther Fürth” və “Eintracht” klubları elitaya birbaşa vəsiqə qazanıblar və növbəti mövsümdən Bundesliqada mübarizə aparacaqlar.
Bu klublar müvafiq olaraq 2011/12 mövsümünün uğursuzluları “Hertha”, “Köln” və “Kaiserslautern”i əvəzləyəcəklər.
Almaniya Bundesliqası
Pley-off oyunu
16 may
Fortuna – Hertha - 2:2
Qollar: Beyster, 1, Yovanoviç, 59 - Ben-Hatira, 23, Raffael, 85.
