16 may 2012 16:11
Araz Abdullayev yenidən Neftçidə
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayev yenidən “Neftçi”nin uğurları üçün çalışacaq. Azerisport.az xəbər verir ki, Yunanıstanın “Panionios” klubunda çıxış edən həmyerlimiz mövsüm başa çatan kimi vətənə qayıdıb.
Hazırda istirahətini davam etdirən gənc futbolçu sabiq komandası, yetirməsi olduğu “Neftçi”nin UEFA Çempionlar Liqasına hazırlıqlarını gözləyir. Belə ki, Abdullayev yenidən “ağ-qaralar”ın düşərgəsinə qoşularaq bu komandanın qitə miyqaslı oyunlarına hazırlaşacaq.
Paytaxt klubu hətta Arazın adını UEFA-ya təqdim edəcəyi iştirak ərizəsinə də daxil edəcək. Ən azı növbəti mövsümün startına kimi millimizin üzvü “Neftçi”yə xidmət edəcək.
Lakin transfer hüquqları eyni zamanda İngiltərənin “Everton” klubuna məxsus olan Abdullayevin növbəti mövsümdə karyerasını harda davam etdirəcəyi dəqiq bilinmir. Mayın axırlarında “Panionios” rəsmilərinin Bakıya səfəri gözlənilir. Mümkündü ki, Araz daha bir il Yunanıstan Super Liqasında çıxış etsin.
