17 may 2012 18:04
Kristian Torres rəsmən Simurqda (FOTO)
Yeni mövsümə hazırlıqları davam etdirən “Simurq” artıq ilk transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu argentinalı yarımmüdafiəçi Kristian Torreslə ilkin razılaşma əldə edib.
27 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla bir illik rəsmi müqavilə imzalanacaq.
Buna qədər Bakının “Rəvan” komandasının şərəfini qoruyan Kristian Torresin Azərbaycanda ilk çıxış etdiyi klub “Qəbələ” olub. 2009-cu ildən ölkəmizdə top qovan cənubi amerikalı futbola “Atletiko Kolegiales” klubunda başlayıb və 2003-cü ildə Argentina çempionu olub. Karyerası ərzində isə Latviyanın “Yurmala”, Liapayanın “Metallurq” komandasında forma geyinib. 2007-ci ildə “Metallurq”un heyətində Latviya çempionatının gümüş və “Baltika Cup”ın qızıl medallarını qazanıb.
Qeyd edək ki, bundan öncə “Simurq” İlkin Qırtımov və Aleksandr Şemonayevlə müqavilələrinin müddətlərini daha bir il artırıb. Eyni zamanda 14 futbolçu komandadan uzaqlaşdırılıb.
