18 may 2012 01:44
Neftçi kuboksuz qalsa da, azarkeşi finalda avtomobil qazandı (FOTOREPORTAJ)
“Bakı” Azərbaycan kubokunda üçüncü dəfə oynadığı final qarşılaşmasında “Neftçi”ni 2:0 hesabıyla məğlub etdi. Azerisport.az xəbər verir ki, bununla da “göy zolaqlılar” 2011/2012-ci il mövsümü Azərbaycan kubokuna sahib oldu.
Peşəkar Futbol Liqası qarşılaşma başa çatdıqdan sonra azarkeşlər arasında lotereya keçirib. Lotereyanın nəticəsinə əsasən, “Bakı” klubunun azarkeşləri - Mirzəyev Şahlar DVD oxuducu, İlqar Əmirov isə televizor udub. Hər iki azarkeş komandalarının qələbə qazanmasına çox sevindiklərini, gözəl təşkilatçılığa, ədalətli lotereyaya və hədiyyələrə görə Peşəkar Futbol Liqasına təşəkkürlərini bildirdilər. Onlar bu gün komandalarının ən yaxşı oyunlarınından birini izlədiklərini söyləyiblər. Daha sonra isə azarkeşlərin daha böyük maraqla gözlədiyi “Renault Logan” avtomobili üçün lotereya keçirilib. Avtomobilin sahibi “Neftçi”nin azarkeşi Rəşad Quliyev olub. PFL prezindeti Ramin Musayev avtomobilin açarını yeni sahibinə təqdim edib. Rəşad Quliyev komandasının məğlub olmasına çox üzülsə də, “Renault Logan”ı əldə etdiyi üçün çox sevindiyini söyləyib: “Avtomobili udacağıma inanırdım. Ədalətli lotereya keçirildi. Yüksək təşkilatçılığa və hədiyyəyə görə PFL-ə təşəkkür edirəm”.
