18 may 2012 14:57
Futbol Veteranları İttifaqında prezident dəyişikliyi (FOTOLAR)
Bu gün Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində Futbol Veteranları İttifaqının Konfransı keçirilib. Qurumun prezidenti Rasim Zeynalov çıxış edərək ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verib. Azerisport.az xəbər verir ki, Hesabatı bitirdikdən sonra Rasim Zeynalov pedaqoji və elmi fəaliyyəti ilə bağlı vaxtının məhdud olduğunu və buna görə Futbol Veteranları İttifaqının prezidenti vəzifəsindən istefa vermək istədiyini bildirib.
O, bununla bağlı yazılı müraciətini İdarə Heyətinə təqdim edib. Rasim Zeynalovun istefası qəbul olunub. Çıxış edən futbol veteranları Rasim Zeynalova Futbol Veteranları İttifaqının prezidenti olduğu müddətdə səmərəli fəaliyyətinə görə minnətdarlıq edib, ona gələcək işlərində uğurlar arzulayıblar.
Konfransa sədrlik edən Rüstəm Rəhimov gündəlikdəki digər məsələlər haqda məlumat verib. Qeyd olunub ki, Futbol Veteranları İttifaqının prezidenti vəzifəsinə Oqtay Abdullayevin namizədliyi irəli sürülüb. Məsələ səsə qoyulub və Oqtay Abdullayev yekdilliklə Futbol Veteranları İttifaqının prezidenti seçilib.
Tədbirdə iştirak edən AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev çıxış edərək Futbol Veteranları İttifaqına gələcək fəaliyyətində uğurlar arzulayıb, futbol veteranlarının daim AFFA-nın diqqət mərkəzində olduğunu bildiriblər. Konfrans işini başa çatdırdıqdan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.
