18 may 2012 16:25
Junior: Ümid edirəm ki, bu qolların davamı Avroliqada da gələcək
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Vilson Azərbaycan kubokunun “Neftçi” ilə final oyunundan (2:0) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Çoxları deyirdi ki, “Bakı” Avropa Liqasına “Neftçi”nin çempion olması sayəsində vəsiqə qazanıb. Lakin bu gün biz qələbə qazanmaqla sübut etdik ki, Avropa Liqasında iştirak etməyə layiqik. Həm də bunu sadəcə kubokun finalçısı kimi yox, kubokun sahibi kimi əldə etdik”.
Braziliyalı yarımmüdafiəçi final oyunundan danışarkən maraqlı məqama toxunub: “Mən öz karyeramda iki dəfə kubokun finalında oynamışam. Bir dəfə keçmiş komandamla, indi də “Bakı”yla. Mən əvvəlki finalda da qolla fərqlənmişdim, şadam ki, bu dəfə də qol vura bildim. Klub rəhbərliyinə, prezidentimizə təşəkkürümü bildirirəm ki, bizə bu cür dəstək nümayiş etdirirlər”.
Junior vurduğu qolla bağlı daha sonra bunları bildirib: “Bu, mənim “Bakı”dakı əsas qolum sayıla bilər. Çünki əvvəlkilərin hamısından gözəl alındı. Ümid edirəm ki, bunun davamı Avroliqada da gələcək. Bu turnirdə də öz qollarımla hamını sevindirməki istəyirəm”.
Təcrübəli futbolçu Avroliqa ilə bağlı danışarkən heyətin gücləndirilməsinə də toxunub: “Avrokuboklarda da biz öz gücümüzü göstərməyə, uğur qazanmağa çalışacağıq. Çünki bizim əsas məqsədimiz məhz budu. Komandanın güclənməsinə gəlincə, mən bu barədə nəsə deyə bilmərəm. Buna məşqçilə korpusu və rəhbərlik qərar verə bilər. Onlar necə lazım bilirsə, elə də olacaq”.
Bütövlükdə mövsümü dəyərləndirən “zolaqlılar”ın orta sahə oyunçusu bunları dilə gətirib: “Biz bu mövsüm çox ağır bir dövrü arxada qoyduq. Mətbuatda çox yazılırdı ki, “Bakı” zəif oyun sərgiləyir. Həmin oyunla avrokuboklara gedə bilməcəyimizi də iddia edənlər çox idi. Bir sözlə bizə çox az adam inanırdı. Amma biz yenə də vaxtında toparlana bildik və mövsümü major notlarla bitirdik”.
