18 may 2012 17:14
Georgi Lomaya hamını geridə qoydu
“İnter”in 2011/12 mövsümündə hamıdan çox meydanda olan futbolçularının siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubunda mövsümün rekordçusu meydanda 2610 dəqiqə keçirmiş qapıçı Giorgi Lomaya olub.
O, “İnter”in qapısını 29 matçda 90 dəqiqə qoruyub və bu oyunlarda cəmi 18 top buraxıb (orta hesabla hər oyuna 0,620 qol). Bundan başqa Lomaya daha bir maraqlı göstərici ilə də fərqlənib. Belə ki, o, “İnter”in qapısına təyin edilmiş 5 onbirmetrlik cərimə zərbəsindən 3-cünü dəf etməklə də yadda qalıb. Onun penaltiləri dəf etmək göstəricisi 60 faizlik yüksək səviyyəyə bərabərdi. Xatırladaq ki, Lomaya Aleksandr Şoliçin (Bakı), Con Pelunun (Rəvan) və Bahodir Nasimovun (Neftçi) penalti zərbələrini dəf etmişdi.
Lomayadan bir qədər az digər gürcüstanlı müdafiəçi Valeri Abramidze (2605 dəqiqə) meydanda görünüb. Sonrakı sıralar belədi: Vladimir Levin (2430 dəqiqə), İlia Kandelaki (2351 dəqiqə), Arif Daşdəmirov (2296 dəqiqə) və Bronislav Çervenka (2054 dəqiqə). Yeri gəlmişkən, 36 yaşlı çex Premyer Liqanın ən yaşlı legioneri olub. (klub saytı)
