18 may 2012 12:23
Qəbələdə yarpaq tökümü davam edir
Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012-2013 futbol ili üçün heyətini formalaşdırmağa davam edir. Azerisport.az xəbər verir ki, artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib.
Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin, Pavel Doroşev, Qrem Smit, Deon Barton, , Arif İsayev və Saşa Yunisoğlunun ardından Nuran Qurbanovla Sergey Sokolov da komandadan uzaqlaşdırılıb.
Tərzin Cahangirov futbolçu həyatını icarə əsasında başqa komandada davam etdirəcək. Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Digər müqaviləsi sona çatmış futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, müdafiəçi növbəti mövsümdə də “Qəbələ” üçün tər tökəcək.
Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı məsələsi də futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.
“Qəbələ” Futbol Klubu komandadan ayrılan futbolçulara komandadakı çıxışlarına və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
