20 may 2012 11:08
Hafiz Məmmədov: Eyni uğuru Avropada təkrarlamalıyıq (FOTOLAR)
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Azərbaycan Kubokunu qazanan komandasının üzvlərini təbrik edib. Azerisport.az xəbər verir ki, təntənəli qalibiyyət mərasiminə qatılan klub prezidenti futbolçuları və klub personalını şəxsən təbrik edərək, hər kəsə təşəkkürünü bildirib.
"Mən bu qələbəyə inanırdım" - deyən klub prezidenti final oyununu maraqla izlədiyini və qalibiyyətdən zövq aldığını bildirib: "Oyun çox maraqlı keçdi. Sevindirici haldı ki, qələbə gözəl oyunla əldə olundu. Klubumuz mövsümü titulla başa vurur. Bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Bizim üçün çətin keçən bir mövsümün sonunda komandamın nümayiş etdirdiyi oyun gələcəyə ümidlə baxmağa əsas verir. Xüsusilə də, klubumuzun yetişdirmələri olan gənc futbolçuları təbrik edirəm, onların təcrübəli həmkarları ilə çiyin-çiyinə mübarizə aparması, kifayət qədər məzmunlu oyun göstərməsi aparılan işlərin müsbət nəticəsidir.
İndi məqsədimiz eyni uğurları Avropada təkrarlamaqdı. Biz Avropa Liqasında Azərbaycanı təmsil edəcəyik. Bunun məsuliyyətini nəzərə alaraq ikiqat səylə hazırlaşmaq lazımdı. Bəzi mövqeləri gücləndirmək eytiyacı var. Bu işləri tez və keyfiyyətlə həyata keçirməliyik.
İnanıram ki, "Bakı" Avropada layiqli çıxış edərək Azərbaycan futbolsevərlərini sevindirəcək. Hər birinizə uğurlar arzulayıram".
