20 may 2012 13:00
Alberto Zakkeroni: Bizim Azərbaycanla oyunda öz hədəflərimiz var
Futbol üzrə Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni Azərbaycan millisi ilə yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandamızdan danışarkən bunları dilə gətirib:
“Azərbaycan kifayət qədər möhkəm komandadı. Onların güclü baş məşqçisi var. Həmçinin Avropa komandalarıyla oyun təcrübəsinə də malikdilər. Odu ki, Azərbaycan yığmasıyla qarşıdakı görüşün DÇ-2014-ün seçmə mərhələsinin startı öncəsi bizim üçün yaxşı sınaq olacağını düşünürəm”.
İtaliyalı mütəxəssis bildirib ki, Azərbaycanı seçməklə onların öz xüsusi istəkləri olub: “Bu oyunda komandanı tatkiki cəhətdən əsaslı surətdə sınaqdan keçirmək istəyirəm. Həmçinin komandanın nə dərəcədə sürətli oyun sərgiləməyə qadir olduğu da üzə çıxacaq. Bizim də bu oyun üçün öz hədəflərimiz var. Çalışacağıq ki, bütün bu istəklərimizi qarşıdakı görüşdə həyata keçirək”.
Zakkeroni yığmamızla oyunu komandasının futbolçuları üçün də əla şans adlandırıb: “Mənim kimi, yetirmələrim üçün də bu oyun son şansdı. Mən legioner futbolçularla yanaşı Yaponiya çempionatında çıxış edən klublarda top qovan oyunçulara da dəvət göndərmişəm. Onların özlərini göstərməsi üçün yaxşı imkanları olacaq. Heyətdə xeyli gənc futbolçular var. Onlara özlərini göstərmək şansı vermək istəyirəm”.
“Samuray”ların baş məşqçisi Keysuke Hondanın bu oyunu buraxmaq ehtimalına da toxunub: “Düzünü deyim ki, Honda zədələnəndən bəri onun oyununu görməmişəm. O, hələ də tam bərpa olunmayıb. Əlbəttə, biz də istərdik ki, o, oynasın. Amma bunu yalnız o vaxt edəcəyik ki, Honda tam hazır, yaxşı vəziyyətdə olsun”.
