21 may 2012 01:28
Neftçinin daha 1 potensial rəqibi bəlli oldu
Futbol üzrə Azərbaycan çempionatının ən güclü komandası adını qazanan “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqiblərindən daha birinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Slovakiya çempionatının qalibi adını qazanan “Zilina”dı.
Bu komanda ötən gün “Streda” ilə səfər matçında 2:0 hesabıyla qələbə qazanaraq, rəqibləri üçün əlçatmaz olub. 67 xala malik “Zilina”nın əsas rəqibi “Trnava” da son turda qələbə qazanıb. Lakin bu komandanın “Nitra” üzərindəki 2:0 hesablı qələbəsi sadəcə ikinciliyi təmin etməyə yarayıb. Üçüncü pilləni isə “Slovan” tutub.
Beləliklə, “Zilina” da Azərbaycan çempionunun ÇL-dəki potensial rəqibləri siyahısına daxil olub. Hazırda “Neftçi”nin məlum olmayan sadəcə bir potensial rəqibi qalıb. Bu, Bolqarıstan çempionudu. Həmin komanda da böyük ehtimalla CSKA olacaq. Çünki Sofiya klubu sona bir tur qalmış əsas izləyicisini iki xal qabaqlayır və möcüzə baş verməsə, həftəsonu çempionluğunu rəsmiləşdirəcək.
Beləliklə, “Neftçi”nin potensial rəqibləri aşağıdakılardı: Basel (İsveçrə), İroni Kiryat Shmona (İsrail), Slovan (Çexiya), Red Bull Salzburg (Avstriya), AEL Limassol (Kipr), Dinamo (Zaqreb, Xorvatiya), BATE (Belarus), Slask (Polşa), Zilina (Slovakiya), Molde (Norveç), Partizan (Serbiya), Helsingborg (İsveç), Şerif (Moldova), Zeljeznicar (Bosniya və Herseqovina), HJK (Finlandiya), Shamrock Rovers (İrlandiya) və Bolqarıstan çempionu.
