23 may 2012 13:10
Galatasaray – Fenerbahçe matçı Bakıda keçirilə bilər
Futbol üzrə Türkiyə superkuboku uğrunda “Galatasaray” və “Fenerbahçe” arasındakı oyun Azərbaycanda keçirilə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Xəbərdə bildirilir ki, Türkiyə Futbol Federasiyası ölkə çempionu “Galatasaray”la kubokun qalibi “Fenerbahçe” arasında keçiriləcək qarşılaşmanı Bakıda təşkil etməyi planlaşdırır. Bu təşəbbüslə “Galatasaray” klubu çıxış edib. Hər iki klubun Azərbaycanda çox sevildiyini nəzərə alan TFF də bunu həyata keçirməyin əleyhinə deyil.
TFF artıq hər iki kluba müraciət edərək matçın Bakıda təşkilinə dair onların fikirlərini öyrənib. İstanbul təmsilçilərinin bu təklif müsbət yanaşdığı deyilir. “Fenerbahçe” artıq bu il Bakıda keçirilən voleybol üzrə “Dördlər Finalı”nda qələbə qazanaraq, ən güclü adını qazanmışdılar və Azərbaycan paytaxtının yenə onlara düşərli olacağını düşünürlər.
TFF-nin bununla bağlı Azərbaycan tərəfinə müraciət edib-etmədiyi hələlik bəlli deyil. Klublar və TFF arasında tam razılıq əldə olunandan sonra bu ideyanın gerçəkləşməsi istisna olunmur.
Hələlik qarşılaşmanın dəqiq tarixi müəyyənləşdirilməyib. Qarşılaşmanın iyul və ya avqust ayında keçirilməsi nəzərdə tutulur.
