23 may 2012 15:31
Püşkatma mərasiminin keçirilmə yeri də açıqlandı
Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi püşkatma mərasimi 6 iyul 2012-ci il tarixində saat 19:00-da Bakıda şəhərində Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA da təsdiqləyib.
Məlumatda bildirilir ki, FIFA U-17 qadınlararası dünya çempionatının FIFA təşkilat komitəsinin sədri Hany Abo Rida və AFFA-nın prezidenti Rövnəq Abdullayev mərasimdə iştirak edəcək.
Çempionatda iştirak edəcək 16 komandadan 14-ü artıq bəllidir: Azərbaycan (ev sahibliyi edəcək ölkə olaraq iştirak avtomatik seçilib); Çin, Yaponiya və Koreya (AFC); Qambia, Qana və Nigeriya (CAF); Kanada, Meksika və ABŞ (CONCACAF); Braziliya, Kolumbiya və Uruqvay (CONMEBOL); və Yeni Zellandiya (OFC). Digər iki yığma komanda isə 26 və 29 iyun tarixləri arasında UEFA-da keçirilən oyunların nəticəsində bilinəcək.
Püşkatma mərasimindən öncə saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində mətbuat konfransı təşkil olunacaq. Mətbuat konfransı ərzində YTK və FIFA nümayəndələri çempionatın gedişatı və hazırlıqlarla bağlı açıqlama verəcək.
