23 may 2012 00:18

Dubay uğursuzluğunu Asiyada unutdurmaq şansı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınaq matçını keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində Yaponiya ilə yoxlama matçına çıxacaq.
 
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızı çox çətin rəqiblə görüş gözləyir. Yaponiya yığması FİFA-nın açıqladığı son reytinq cədvəlində 753 xalla 30-cu pilləni tutur. Yaponlar millimizi təxminən 70 pillə qabaqlayırlar. Çünki komandamız hazırda 305 xalla 109-cu yerdə qərarlaşıb. Yaponiya yığması 1998-ci ildə ilk dəfə dünya çempionatına qatılıb və qrup mərhələsində mübarizəni dayandırıb. 2002-ci ildə Cənubi Koreya ilə birlikdə mundiala ev sahibliyi edən yaponlar H qrupunda Belçika, Rusiya və Tunisi üstələyərək, 1/16 finala çıxsa da, burda Türkiyəyə uduzaraq, mübarizəni dayandırıb. DÇ-2006-da mübarizəni qrup mərhələsində başa vuran yaponlar 4 il sonra CAR-dakı turnirdə yenə 1/16 finala çıxıb. E qrupunda Hollandiya, Danimarka və Kamerunla mübarizə aparan və ikinci olan rəqibimiz 1/16 finalda Paraqvaya penalti seriyasında yenilib.
 
Yaponiya 7 dəfə qatıldığı Asiya çempionatında 4 dəfə qalib adını qazanıb. Son çempionatın (2011) qalibi olan yaponlar bundan əvvəl 1992, 2000 və 2004-cü ildə qızıl medallara sahib çıxıblar. Bundan əlavə Yaponiya FİFA Konfederasiyalar Kubokunda 4 dəfə iştirak edib. 1995-ci ildə qrup mərhələsində “ilişən” rəqibimiz 2001-ci ildə Braziliya, Kamerun və Kanadanı geridə qoyaraq qrup lideri olub. Yarımfinalda Avstraliyanı yenən asiyalılar finalda Fransaya uduzublar – 0:1. 2003 və 2005-ci illərdə isə rəqibimiz qrupdan çıxa bilməyib.
 
Cənubi Asiya təmsilçisi tarixi ərzində 8 dəfə Yay Olimpiya Oyunlarında iştirak edib. 1956, 1996, 2004 və 2008-ci illərdə qrupda qalan yaponlar 1936, 1964 və 2000-ci illərdə 1/4 finala qədər irəliləyib. 1968-ci ildə isə rəqibmiz Olimpiadanın bürünc mükafatını qazanıb.
 
Yaponiya yığmasına hazırda italiyalı Alberto Zakkeroni başçılıq edir. 59 yaşlı mütəxəssis 2010-cu ildən komandanın baş məşqçisidi. O, əvvəllər İtaliyanın “Milan”, “Lazio”, “İnter”, “Juventus” və başqa klublarına başçılıq edib. 2011-ci ildə Yaponiyanı Asiya çempionatının qalibi edən mütəxəssis məşqçi karyerası ərzində İtaliya A Seriyasının qızıl medalını da qazana bilib.
 
Sonda Yaponiya millisinin heyətinə də qısa nəzər salmaq pis olmazdı. Millimizin rəqibinin kapitanı Makoto Hasebedi. Karyerasını Almaniyanın “Wolfsburg” klubunda davam etdirən 28 yaşlı yarımmüdafiəçi yığmada keçirdiyi 48 oyunda 2 qol vurub. Mütəmadi olaraq Yaponiya yığmasına çağırılan futbolçular Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Rəqibimizin futbolçuları Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Belçika, Hollandiya kimi ölkələrin çempionatlarında top qovurlar. Dortmund “Borussia”sından Şinji Kaqava, “Stuttgart”dan Şinji Okazaki, “Schalke”dən Atsuto Uçida, “Augsburg”dan Hayime Hosoqay, “Wolfsburg”dan Makoto Hasebe, “Bochum”dan Takaşi İnuy (hamısı Almaniya), Milan “İnter”indən Yuto Naqatomo, “Novara”dan Takayuki Morimoto (ikisi də İtaliya), “Dijon”dan Daysuke Matsuy (Fransa), “Bolton”dan Rio Miyaiçi (İngiltərə), Moskva ÇSKA-sından Keysuke Honda (Rusiya), “Lyerse”dən Eydzi Kavaşima (Belçika), “Venlo”dan Maya Yoşida, “Vitess”dən Mike Havenaar və Miçihiro Yasuda (üçü də Hollandiya) kimi ünlü futbolçular yığmamıza qarşı mübarizə aparacaqlar.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2012-ci ildə dördüncü oyununa çıxacaq. Millimiz bundan öncə fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə üz-üzə gəlmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu ilki ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtsli millimiz indi Dubay uğursuzluğunu unutdurmaq üçün güclü Yaponiya ilə qarşılaşmada ən azı uduzmamağa çalışacaq.

Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 185-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 31-də qələbə qazanmışıqsa, 45-də də heç-heçə ilə təsəlli tapmışıq. 108 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 127 qol vurduğumuz halda, öz qapımızdan 332 top çıxarmışıq.
 
Yoxlama oyunu
23 may
 
15:15. Yaponiya - Azərbaycan
Hakimlər: Əbdül Malik Əbdülbəşir, Cefri Goh Gek Peng, Yeu Mung Tang (Sinqapur), Minoru Tojo (Yaponiya).
Hakim-inspektor: Keyt Hill.
Şizuoka. “Ekopa” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.