25 may 2012 14:35
AFFA AÇ-2020 ilə bağlı niyyətini rəsmən bəyan etdi
2012-ci il martın 21-də Türkiyənin İstanbul şəhərində keçirilmiş UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul edilib. Azerisport.az xəbər verir ki, həmin qərarlardan biri də AÇ-2020-nin keçirilməsi üçün üzv ölkələrdən yarışa ev sahibliyi etməklə əlaqədar müraciətlərin qəbulu ilə bağlı olub. Qərara uyğun olaraq, UEFA katibliyi tərəfindən hər bir üzv assosiasiyaya müvafiq qaydada məlumat göndərilib.
Prosedura uyğun olaraq, ilk növbədə, yarışa ev sahibliyi etmək istəyən assosiasiya yazılı şəkildə niyyətini UEFA-ya bəyan etməlidi. 2012-ci il iyunun 30-da, Ukraynanın paytaxtı Kiyevdə AÇ-2020-nin ev sahibliyi ilə bağlı tenderin Əsasnaməsi İşçi Qrup tərəfindən UEFA İcraiyyə Komitəsinə təqdim olunacaq və tender sənədləri niyyət bəyannaməsi təqdim etmiş ölkələrə göndəriləcək. AÇ-2020-yə ev sahibliyinə namizəd assosiasiyalara bütün müvafiq sənədlərin təqdim olunması üçün 18 ay vaxt veriləcək. Təqdim olunmuş sənədlər əsasında UEFA İcraiyyə Komitəsi 2013-cü ilin sonu və ya 2014-cü ilin əvvəlində AÇ-2020-yə ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.
AÇ-2020-yə ev sahibliyi etməklə bağlı AFFA ilə Gürcüstan Futbol Federasiyası arasında məsləhətləşmələr aparılıb və bu böyük turnirə birgə ev sahibliyi etmək üçün namizədliyin irəli sürülməsi ilə bağlı qərar qəbul olunub. Bu qərar əsasında tərəflər UEFA-ya yazılı şəkildə müraciət edərək AÇ-2020-nin Azərbaycan və Gürcüstanda birgə olaraq keçirilməsi ilə bağlı niyyətini bəyan edib. (AFFA)
