27 may 2012 14:12
Neftçinin potensial rəqibi mövsümü məğlubiyyətsiz başa vurdu
Futbol üzrə Macarıstan çempionatında mövsümə yekun vurulub. Azerisport.az xəbər verir ki, hələ sona bir neçə tur qalmış çempionluğunu bayram edən “Debrecen” son turda da uduzmayıb.
Macarıstan çempionatının 2011-2012 mövsümünün son qarşılaşmasında öz meydanında 10 min azarkeşinin gözü önündə “Haladas”ı qəbul edən “Debrecen” bu görüşdə də 2:0 hesablı qələbəyə sevinib. Beləcə, sözügedən komanda ən yaxın izləyicisi “Videoton”u 11 xal qabaqlayaraq, 74 xalla birinci pillədə başa vurub.
Qeyd edək ki, bu, “Debrecen”in tarixindəki 6-cı çempionluqdu. Bu komandanın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibi olduğunu da əlavə edək.
