29 may 2012 17:14
Ufuk Budaq: Trabzonspor karyeramı davam etdirmək üçün əla variant olardı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq sabah baş tutacaq Andorra ilə yoldaşlıq oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Frankfurt toplanışı yaxşı keçir. Rəsmi oyunlar öncəsi hər belə toplanış qızıla bərabərdi. Bu, çox vacib mərhələdi və biz bundan maksimum yararlanmağa çalışırıq. Andorradan öncə biz Yaponiya ilə qarşılaşdıq. Hesab edirəm ki, o qədər də pis təsir bağışlamadıq. Düzdü, nəticə xeyrimizə olmadı. Amma hesab edirəm ki, bu nəticədə faciəvi nəsə yoxdu. Qarşıda Andorra ilə görüş var. Bu oyunda da yaxşı futbol sərgiləməyə, qələbə qazanmağa çalışacağıq”.
Ufuk Budaq özünün, eləcə də Əli Gökdəmirlər Cihan Özkaranın yığmamızda uyğunlaşma baxımından heç bir problemlə üzləşmədiklərini deyir: “Bizim bütün uşaqlarla yaxşı münasibətlərimiz var. Özümüzü heç də yad məclisdə hiss etmirik”.
Millimizin müdafiəçisi Türkiyənin “Trabzonspor” klubunun onunla maraqlanmasına dair xəbərlərə də münasibətini açıqlayıb: “Bu xəbəri sizdən eşidirəm. Amma əgər belə bir təklif olsaydı, məmnuniyyətlə ona baxardım. Bu, karyeramı davam etdirmək üçün yaxşı variant olardı”.
