29 may 2012 17:38
Aftandil Hacıyev və daha iki futbolçu Sumqayıtda! (FOTO)
“Sumqayıt” Futbol Klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümündə “Turan”da çıxış etmiş 1981-ci il təvəllüdlü Azərbaycan millisinin sabiq müdafiəçisi “Sumqayıt”la 1 illik müqavilə imzalayıb.
“Sumqayıt Azərbaycanın futbol ənənələri ilə zəngin olan şəhəridir. Bu şəhərin futbol komandasında çıxış etmək mənim üçün fəxrdir. İnşallah, gələn mövsüm uğurlu çıxış edib azarkeşlərimizə sevinc bəxş edərik. “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə məni komandalarına dəvət etdiklərinə görə minnətdaram”, - deyə Aftandil Hacıyev klubun rəsmi saytına açıqlama verib.
Karyerası ərzində “Turan”dan başqa, “Şəfa”, “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Aftandil Hacıyev 22 dəfə Azərbaycan millisinin şərəfini qoruyub.
Sonda onu da bildirək ki, “Sumqayıt” Hacıyevlə yanaşı “Kəpəz”dən Sabiq Allahquliyev və “Simurq”dan Emin Cəfərquliyevin də keçidi ilə bağlı razılıq əldə edib və yaxın günlərdə bu barədə də rəsmi açıqlama verilməsi gözlənilir.
