30 may 2012 00:08
Azərbaycan dünyanın ən zəif yığmalarından birinə qarşı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınaq matçını keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində Andorra ilə yoxlama matçına çıxacaq.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, andorralılar artıq bir dəfə Azərbaycan yığmasına rəqib olublar. Həmin görüş də yoldaşlıq oyunları çərçivəsində baş tutub. 2008-ci ilin 4 iyun tarixində Andorra-la-Vellada keçirilən qarşılaşmada yığmamız səfər qələbəsinə sevinmişdi - 1:2. Hansı ki, həmin görüşdə forma geyən futbolçuların bəzisi hazırda da millimizin heyətində yer almaqdadılar və bu dəfə yenidən eyni uğuru təkrarlamaq arzusundadılar.
Bu dəfə isə yığmamızın qələbə qazanmaq şansları bir qədər də yüksəkdi. Məsələ burasındadı ki, bir neçə il əvvəlki qarşılaşma ilə müqayisədə bu dəfəki oyun neytral meydanda – Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Bu isə o deməkdi ki, yığmamız Berti Foqtsun vətənində özünü heç də rəqibin qonağı kimi hiss etməyəcək və rahat şəkildə öz oyununu sərgiləmək imkanına malik olacaq.
Millimiz bu görüşə heç də yaxşı əhval-ruhiyyədə çıxmayacaq. Məsələ burasındadı ki, komandamız bu görüş ərəfəsində səfərdə Yaponiya yığmasına məğlub olmuşdu – 0:2. Dubay toplanışından bəri hələ də azarkeşlər qarşısında bəraət qazana bilməyən millimiz indi buna Andorra ilə görüşdə nail olmaq istəyindədi. Azərbaycan yığması yaponlarla görüşdə olduğu kimi, bu matça da optimal heyətlə çıxa bilməyəcək. Kapitan Rəşad Sadıqov, müdafiəçi Vurğun Hüseynov, yarımmüdafiəçilər Əfran İsmayılov, Nizami Hacıyev və digər aparıcı futbolçularımızın yoxluğunda Foqts daha çox gənc futbolçulara güvənir.
Lakin bütün bunlara rəğmən, yığmamız Andorranı məğlub etməyə sadəcə borcludu. Məsələ burasındadı ki, rəqibimiz nəinki Avropanın, hətta dünyanın ən zəif yığma komandalarından biri hesab olunur. Təsəvvür edin ki, Andorra millisi FİFA-nın açıqladığı son reytinq cədvəlində heç ilk 200-lüyə də düşə bilmir və ən zəif futbol ölkələriylə birgə son pillərdə yer alan xalsız komandalardan biridi. Bu üzdən də Foqtslu millimizin belə bir rəqibə nəinki uduzması, hətta qalib gəlməməsi böyük sensasiya kimi qəbul oluna bilər.
Azərbaycan yığmasına gəlincə, komandamız 2012-ci ildə beşinci oyununa çıxacaq. Millimiz fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə üz-üzə gəlmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu ilki ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtslu millimiz daha bir zərbəni Yaponiya ilə qarşılaşmada aldı – 0:2. Andorra ilə görüş isə yığmamız üçün dönüş nöqtəsi olmalıdı.
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 186-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 31-də qələbə qazanmışıqsa, 45-də də heç-heçə ilə təsəlli tapmışıq. 109 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 127 qol vurduğumuz halda, öz qapımızdan 334 top çıxarmışıq.
Yoxlama oyunu
30 may
20:00. Azərbaycan – Andorra
Hakimlər: Mixael Veyner, Holger Henskel, Kristof Bornhorst (hamısı Almaniya), Loran Kopriva (Lüksemburq).
Frankfurt şəhəri. “Viktoria Kelsterbach” stadionu.
