31 may 2012 14:07
"Azərbaycan yığması Foqtsla Avropa çempionatına gedə bilməyəcək”
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev millimizin ötən gün Andorraya qarşı keçirdiyi yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahiəsində o, bunları dilə gətirib:
“Söz tapa bilmirəm ki, hisslərimi ifadə edə bilim. Heç-heçə Andorra üçün qələbəyə bərabər nəticədi. Mən futbolçularımızın necə oynadığını bilmirəm. Amma çempionatı da olmayan bir ölkənin yığmasıyla heç-heçə... Heç onlarda bizdə olan şərait də yoxdu. İndi Andorra futbolçuları da bəyan edə bilərlər ki, futbol oynamağı bacarırlar. Çox təəssüflənirəm ki, belə nəticə qazandıq. Buna görə Berti Foqtsdan hesabat tələb etmək lazımdı. Nə qədər onun boş-boş açıqlamalarını eşitməliyik? İndi deyir hədəf AÇ-2016-dı, daha sonra AÇ-2020-dən dəm vuracaq. Qoy birdəfəlik etiraf etsin ki, həmişəlik Azərbaycan millisində qalmaq istəyir. Biz onun arzusunu başa düşərik. Amma Foqtsun rəhbərliyi altında yığmamız Avropa çempionatına düşməyəcək”.
