31 may 2012 17:16
“Andorranı məğlub etmək üçün əlimizdən gələni etdik”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov Andorra ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Qəbələ”nin futbolçusu 0:0 hesablı heç-heçə haqda öncə bunları dilə gətirib:
“Andorranı məğlub etmək istəyirdik. Normal oynadıq. Lakin bu qədər qol epizodu yaratdığımız halda, onlardan yararlana bilməməyimiz pisdi. Hətta bəraət də qazandırmaq olmur. Çünki zəif rəqiblə qarşılaşırdıq. Yaradılan çoxlu qol epizodlarını boşa verməyimiz çox üzücüdü. Daha üzücü olan məqam isə belə bir rəqibi məğlub edə bilməməyimizdi”.
Yarımmüdafiəçi Andorranı məğlub edə bilməmələrinin səbəblərindən danışarkən daha sonra bunları söyləyib: “Mən hesab etmirəm ki, burda səbəb yalnız ustalıq səviyyəsindədi. Oyunu izləyən hər kəs gördü ki, neçə dəfə qol vurmaq cəhdimizin qarşısını qapı tiri və ya dirək aldı. Amma bəzi epizodlarda ustalığın çatışmaması da öz sözünü dedi. 2-3 metrdən qapıya yol tapa bilmirsənsə, daha nə danışasan? İki epizodda sadəcə topa azca toxunmaq lazım idi ki, tora qovuşsun. Bu da alınmadı”.
Çertoqanov zəif rəqiblə qarşılaşmalarına rəğmən, oyuna ciddi hazırlaşdıqlarını deyir: “Hamı oyuna ciddi köklənmişdi. Biz artıq autsayderə məğlubiyyətin necə olduğunu bilirik. Bunu Fələstin bizə göstərmişdi. Bu oyunda da uduza bilməzdik. Ona görə də çox ciddi hazırlaşmışdıq. Bizim öz oyun sistemimiz var. Fəal müdafiə olunmağı düşünsək də, eyni zamanda rəqib qapısına yol tapmaq üçün də əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı”.
