1 iyun 2012 14:12
“AÇ-yə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə ciddi köklənmişik”
Xəbər verdiyimiz kimi, bu gün Batumidəki “Radisson” otelində Azərbaycan və Gürcüstanın ali futbol qurumlarının rəhbərləri arasında görüş baş tutacaq. Azerisport.az xəbər verir ki, görüşdə AFFA prezidenti Rövnəq Abdullayevlə yanaşı Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava da iştirak edəcək.
Prezidentlər iki ölkənin AÇ-2020-ni birgə keçirməklə bağlı gələcək planlarını müzakirə edəcəklər, bir sıra qərarlar qəbul edəcəklər. Daha sonra isə prezidentləri birgə mətbuat konfransı keçiriləcək.
GFF-nin prezidenti Zviad Siçinavanın verdiyi məlumata görə, mətbuat konfransında futbol üzrə 2020-ci il Avropa çempionatına Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etməsi ilə bağlı hazırlıqlarının ümumi proqramı təqdim olunacaq. Siçinavanın dediyi kimi, bir ay ərzində AÇ-yə hazırlıq üzrə bütün məsələləri həll edəcək Gürcüstan-Azərbaycan birgə komissiyası yaradılacaq.
"Biz AÇ-nin keçirilməsi üçün tələblərin bütün siyahısını almışıq və bu komissiya konkret məsələlərlə məşğul olacaq: çempionatın keçirilməsi üçün hansı stadionlar, mehmanxanalar, infrastruktur lazımdı. Biz AÇ-yə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə ciddi köklənmişik". (Trend)
