1 iyun 2012 01:44
Kasilyas dünyanın ən çox qələbə qazanan milli futbolçusu oldu
Futbol üzrə İspaniya yığmasının və “Real”ın qapıçısı İker Kasilyas yeni rekord nəticəyə imza atıb. Azerisport.az xəbər verir ki, o, dünyanın ən çox qələbə qazanan milli üzvünə çevrilib.
İspaniya yığması Cənubi Koreya komandası ilə yoxlama görüşündə 4:1 hesabı ilə qalib gəlib. Bu, qolkiper üçün yığmanın heyətində sayca 95-ci qələbə olub. “Real”ın qapıçısı 82-ci dəqiqədə meydanda Pepe Reynanı əvəz edib və həmin 8 dəqiqə rekord nəticə göstərməyə imkan verib.
Bir yığma komandanın heyətində qazanılmış qələbələrin sayına görə bundan əvvəlki ən yüksək nəticə Fransa yığmasının müdafiəçisi Lilian Türama məxsus idi. Türam “Üçrənglilər”in heyətində 94 qələbə qazanmışdı. Lakin Kasilyas onu bu göstəricidə qabaqlayıb.
Ümumiyyətlə, bu oyun Kasilyas üçün yığma komandanın heyətində 130-cu matç olub. 31 yaşlı Kasilyas İspaniya yığma komandasının heyətində 2002-ci ilin dünya çempionatından başlayaraq çıxış edir. İspaniya üçün qələbə ilə başa çatmış AÇ-2008 və DÇ-2010 çempionatlarında Kasilyas yığma komandanın kapitanı olmuşdu.
