1 iyun 2012 15:58

“Avropa çempionatının təşkilatçılığını bizə verməlidirlər, bizə

Azerisport.az sizi Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinavanın müsahibəsi ilə tanış edir.
 
- Mayın 26-da keçirilmiş Gürcüstan Kubokunun final matçını bəyəndiniz?
- Xeyr. Çünki xeyli hakim səhvləri, həm “Qori”, həm də “Zestafoni” azarkeşləri tərəfindən emosiyalar vardı. Amma futbol – futboldur. Hər şeyin yaxşısı elə hər şeyin yaxşı qurtarmasıdır.
 
- Baş hakimin “Dila”ya açıq-aşkar simpatiyasını hiss etmədiniz?
- Mən deyə bilərəm ki, simpatiya elə də çox deyildi. Penalti epizodunda mübahisəli qərar verildi. Penalti var idi, amma bunun sonuncu ümid folu kimi dəyərləndirilməsi bir qədər şübhələr doğurdu. Hərçənd, UEFA qaydalarına əsasən, sonuncu ümid folu var idi. Çünki sonuncu müdafiəçi hücumçunun bir metr arxasında qaçırdı. Yanı ilə qaçsaydı, problem yox idi. Hər halda belə oyunda hakim belə səhvə yol verməməlidir. Əksinə, oynamağa şərait yaratmalıdır. O, oyunu alt-üst etdi. Artıq sona 60 dəqiqə qalmış hər şey aydın idi. Bax, bunu problem sayıram.
 
- Gürcüstan çempionatında hakim səhvləri çoxmu olur?
- Elə də çox yox, amma olur. Amma belə kobud səhvlər olmur. İlk yarıda Kvaratsxeliya sanki nə etdiyini bilmirdi. Emosiyalar həddən artıq idi.
 
- Sizin ən yaxşı referiniz budur?
- Xeyr. Bizim çoxlu beynəlxalq dərəcəli hakimimiz var. Bu il 17 yaşlılar arasında Avropa çempionatının yarımfinalında rumıniyalı baş hakim bizim yığmanın hücumunu ofsayd saydı və 12-ci dəqiqədə oyunçumuzu qovdu. Biz matçın sonlarınadək 10 nəfərlə oynadıq. Referi əsas vaxta o qədər artırdı ki, rəqibə qələbə topunu vurmaq imkanı yaratdı və sona 40 saniyə qalmış qapımızdan qol buraxdıq. Əks halda, finalda biz olacaqdıq. Yəni, səhvlər hər yerdə var. Amma biz Rumıniyaya gedib həmin hakimin başını kəsə bilmərik.
 
- Final oyununda Sizin ünvanınıza azarkeşlər tərəfindən təhqirlər də səsləndi...
- Onlar qanunlara əsasən, cavab verəcəklər. Nədənsə hamı elə hesab edir ki, hakim mənəm. Amma anlamırlar ki, Hakimlər Komitəsi müstəqil təşkilatdır, yalnız FİFA və UEFA-ya tabedir. Təəssüf ki, bizdə insanların çoxu futbol qaydalarını bilmir.
 
- Bəs hakim də cəzalanacaqmı?
- Əlbəttə. O, hakimlikdən uzun müddətə uzaqlaşdırılacaq. Bizdə belə praktika var. Hakim səhv edirsə, onu kənarlaşdırırıq. Hakimlərə böyük məbləğdə qonorar veririk. Onları 5-6 oyun və ya 2-3 ayadək hakimlikdən uzaqlaşdırdıqda, təkcə özləri deyil, ailələri də ac qala bilərlər. Bizdə hakimlərin bir aylıq qonorarları 5-6 min lariyə (təqribən 3000 manatadək – red.) çatır. Bu isə Gürcüstan üçün böyük məbləğdə pul deməkdir.
 
- Gürcüstan futbolunda daha hansı problemlər var?
- Praktiki olaraq, hazırda problem çox azdır. Deməzdim ki, Gürcüstan futbolunda problemlər var. İki il öncə ölkədə futbolun inkişafına dair böyük proqram işə düşüb. Yeni meydançalar salır, stadionları yenidən qurur, klubların yeni maliyyələşmə sistemini həyata keçiririk. Əvvəllər hansısa klub pul xərcləyirdisə, onun büdcəsinin nə qədər olduğu bilinmirdi. İndi isə ya bank təminatı, ya fiziki şəxslərdən təminat alırıq. Problem elə də yoxdur. İl ərzində birdən-birə 100 meydança hazırlaya bilmərik. Bu, fiziki cəhətdən də mümkün deyil. Amma bir ilə 4-5 yeni meydança hazırlayırıq, stadionları rekonstruksiya edirik. İki il öncə bizim normal meydançalarımız yox idi. İndi isə FİFA və UEFA standartlarına cavab verən 9 yüksək kateqoriyalı meydançamız var. Bu il isə daha 5-i planlaşdırılır. Həm də bu meydançalar bütün ölkə boyunca salınır. Paytaxt Tiflisdə 3 dənədir – Payçadze və Mesxi adına stadionlar, həmçinin “Basa”. Kutaisi, Zestafoni, Poti və Qoridə də eyni keyfiyyətli meydançalarımız var. Yeni trenajor, kompüter-suvarma və digər sistemlərimizin hamısı FİFA və UEFA standartlarına uyğun təşkil olunur. Bilirsiniz, kiy və şarın varsa, lap yaxşı, amma oynamaq üçün bilyard stolun da olmalıdır. Stadionlar tikmək olar, lakin meydança və oyun keyfiyyəti yoxdursa, belə stadionlar nəyimizə lazımdır?
 
- Bu stadionların ot örtüyü təbiidir?
- Hamısı təbiidir. Düzdür, süni örtüklü 3 stadionumuz da var. Onlar FİFA və UEFA-dan 2 ulduz kateqoriyası alıblar. Stadionlardan biri Rustavidəki “Metallurq”, ikincisi Msxetiyadakı “VİT-Corciya”, üçüncüsü isə Kobuletidədir. Hamısını xarici şirkətlər tikirlər. Bunlardan hamı istifadə edə bilər. Eyni zamanda “Basa”da yığmamızın və uşaqların pis havada məşğul olmaları üçün belə stadion var. Tbilisi “Dinamo”su öz bazasında çoxlu süni meydançalar salıb. Saburtaloda da yüksək səviyyəli meydança hazırlanıb. Bunların hamısı şəxsidir. Yəni, insanların pullu istifadəsi üçündür.
 
- Bəs federasiyanız stadionlar tikərək, klublara uzunmüddətli icarəyə verir?
- Bu praktika federasiyamıza yox, ölkə rəhbərliyinə məxsusdur. Təqribən ilyarım öncə dövlətimiz Kutaisidəki stadionu tam təmir elətdirib. Orada təkcə stadion yox, hovuz, hokkey meydanı, baza da var. Bunların hamısı birlikdə stadionu istifadəyə götürənlərə simvolik məbləğə - 1 dollara satılıb. Biz də hazırda belə təkliflər veririk. Bolnisi, Zuqdidi, Poti, Samtrediada belə stadion və bazalar var. Belə qurğularımız çoxdur. Hansı stadionu uzunmüddətli icarəyə verəcəyimizi İqtisadiyyat Nazirliyi ilə birgə müəyyənləşdiririk. Lançxutidə “Quriya”nın böyük stadionu var. Bu il orada yeni meydança salacağam. Yerli quberniya isə əkin yerləri salacaq, yenidənqurma işləri görəcək. Üstəlik, onların böyük məktəbi, ən yaxşı yerdə - dəniz sahilində 3 meydançaları, mehmanxanaları var. Sadəcə, mehmanxana fin üslubunda – taxtadan qurulduğundan, onu yıxmaq lazımdır. Çünki heç kimə lazım deyil. Belə qurğunu da biz icarəyə verməyə hazırıq. Bir şərtlə, icarədar sabah oradan başqa məqsədlər üçün istifadə etməsin. İnvestorun marağı olmalıdır. Kutaisidəki stadionu alan şəxs ödədiyi simvolik məbləğin qarşılığında 35-40 milyon dollar irəli düşdü. Bu, kommersiya xarakterli deyil. Kommersiya obyekti Tiflisin mərkəzində 12 hektarlıq ərazidədir. Ölkə prezidenti Mixail Saakaşvili hovuzu tam təmir etdirib, klub tennis kortunu, otüstü hokkey meydanları, ən böyük stadion və daha 3 yardımçı obyektləri var. Onu alan insan qarşıdakı 5 il ərzində heç kimə sata bilməz. Amma sonradan hətta 100 milyon dollara da sata bilər. Biz investorun maraqlı olmasını istəyirik.
 
- Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Borçalı mahalında futbolun vəziyyəti hansı səviyyədədir?
- Həmin bölgəni Rustavinin “Metallurq”, Bolnisinin “Sioni” klubları təmsil edir. Hazırda Laqodexidə baza tikintisini yekunlaşdırırıq. Bu baza demək olar ki, Azərbaycanla sərhəddədir. İndi orada 3 meydança, böyük yaşayış kompleksi ilə birgə baza salınır. Fikrimcə, azərbaycanlı soydaşlarınız da orada qala və təhsil ala biləcəklər. Çünki potensial var. Unutmayın ki, potensial həmişə var. Əsas məsələ öyrətməkdir. Hazırda Telavidə yeni stadionun tikintisinə başlayırıq. Onlara birinci liqada və regional liqada iştirak təminatı veririk. Bu isə daxili resursdan asılıdır. Yəni, özləri bunu istəyirlər yoxsa, istəmirlər. Bilirəm ki, Rusiyada Dmitri Medvedev xizək sürməyi çox yaxşı bacarır. Məgər biz cənublulara futbol oynamağı öyrədə bilmərik? Hazırda azərbaycanlı futbolçu axını çox böyükdür.
 
- Mayın 26-da Gürcüstan Kubokunun finalını izlədik. Həmin vaxt meydanın kənarında yalnız bir şirkətin – SOCAR-ın bannerinə rast gəlmək olardı. Məgər başqa sponsorlarınız yoxdur?
- Var. Sadəcə, ölkə kubokunu federasiyamız keçirir. Nəzər yetirdinizsə, meydanın kənarında cəmi 4 banner var idi: FİFA, UEFA, GFF və SOCAR. Çünki bu turniri onlar keçirirlər. Gürcüstan çempionatı keçirildikdə isə “Gulf”, “Vissol”, “Nakti”, “Geocell” kimi çoxlu şirkət də qoşulur. GFF-in baş sponsoru SOCAR-dır. Ona görə də biz haradasa iştirak ediriksə, şübhəsiz ki, söhbət SOCAR barədə gedir. Bu iki təşkilat Gürcüstan futbolunda vahid komandadır. Deyə bilərəm ki, “Vissol”un sponsorluq etdiyi komanda oynadıqda belə, meydanın kənarındakı bannerlərin ortasında SOCAR durur. Tiflis “Dinamo”sunun sponsoru “Gulf” olsa da, ev oyunlarında SOCAR-ın bannerləri də qoyulur. Gürcüstan çempionatındakı bütün oyunlarda SOCAR-ın 4 banneri olur.
 
- Bəs çempionatınızın titul sponsoru var?
- Xeyr. Hazırda bu barədə düşünürük. “Vissol”un və “Europe bet”in belə bir arzusu var. Əvvəllər Gürcüstan Kubokunun titul sponsoru var idi. Bu, VTB idi.
 
- 2020-ci il Avropa çempionatını Gürcüstanla Azərbaycanın birgə təşkil etmək ideyası necə ortaya çıxdı?
- İlk növbədə, bu ideya sizin federasiyanız – AFFA tərəfindən gəldi. Bilirəm ki, sizin və bizim ölkənin prezidentləri hər hansı birgə idman layihəsini həyata keçirmək istəklərini bəyan ediblər. Görünür, o zaman azərbaycanlı həmkarım Rövnəq Abdullayev Avropa çempionatı keçirmək ideyasını irəli sürüb. Nəticədə belə bir açıqlama veriblər. Çox şadam ki, bu açıqlama verilib. Qalib gəlib-gəlməyəcəyimizdən asılı olmayaraq, hazırlıq dövrümüzdə müəyyənləşdirəcəyimiz şəhərlər bizim üçün faydalı ola bilər. Hər iki ölkə minimum 6-7 şəhər müəyyənləşdirməlidir. Çünki 16 yox, 24 ölkə yığması iştirak edəcək. Deyə bilərəm ki, 3-4 yeni stadion hazır olsa, yeni infrastruktur yaradılsa, yeni bazalar işlənilsə, heç kim uduzmayacaq. İnanın mənə. Çünki hazırda biz regionlarda da futbolu inkişaf etdirməyə başlamışıq. Əvvəllər Tiflis çempionatı keçirilirdi. “Ameri”, “VİT-Corciya”, “Dinamo”, “Tbilisi”, “İberiya” paytaxtı təmsil edirdi. Yalnız “Zestafoni” bu komandalar arasında mübarizə aparırdı. İndi isə Batumi, Poti, Zuqdidi, Kutaisi, Qori, Zestafoni, Rustavi, Tsxinvali “Spartak”ının məskunlaşdığı Xaşuri, Bolnisi regionları təmsil edir. Tiflisin “Dinamo” və paytaxta yaxın Msxetiyanın “VİT-Corciya” komandalarıdır. “Dinamo” 4-cü yeri tutdu və Avropa kuboklarına vəsiqə qazana bilmədi. Bu, nonsensdir.
 
- “Dinamo”nu Gürcüstan futbolunun flaqmanı saymaq olar?
- Əlbəttə. Gürcüstanda 3 brend komanda var: Tiflis “Dinamo”su, Kutaisi “Torpedo”su və Lançxuti “Quriya”sı. Bunlar SSRİ çempionatlarında da oynayıblar və böyük tarixə malikdirlər. Amma hazırda yalnız bir brend komandanın çempion olacağını demək mümkün deyil. “Dinamo” və hətta çempion “Zestafoni” Qərbi Gürcüstanda keçirdikləri bütün oyunları uduzdular. Özü də uduzduqları komandalar 8-9-cu pillələrdə gedənlər idi. Bu, paradoksal olsa da, faktdır.
 
- Ümumiyyətlə, SOCAR Gürcüstan futbolunda hansı rolu oynayır?
- SOCAR çox böyük rol oynayır. Həmişə demişəm ki, bu şirkətin GFF-ə gəlişi ilə bizim üçün əhəmiyyətli layihələr həyata keçməyə başladı. Şirkət rəsmiləri ilə görüşümdə dedim ki, mən bizə nə lazım olduğunu deyim, siz də nə edə biləcəyinizi söyləyin. Biz 2 meydança hazırlamağa razılaşdıq. Həmin vaxt bizdə demək olar ki, meydançalar yox idi. SOCAR ilk meydançanı “Basa”da Gürcüstan milli komandası üçün hazırladı. Yeri gəlmişkən, böyük qələbələr də bununla başladı. Çünki belə keyfiyyətli meydançanı bir çox komanda görmədiyini deyirdi. Sonra isə Mixail Mesxi adına stadionu qurduq. Dövlət bu iki meydançanı gördükdən dərhal sonra Qori, Poti və Kobuletidə stadionlar hazırlamağa başladı. Lançxuti, Zuqdidi, Batumi, Kaxeti, Telavidə də tikilməkdədir. Bunların hamısı zəncirvari reaksiyanın nəticəsidir. Bu işlərin nə qədər xeyirli olduğunu göstərmək imkanımız yarandı. Mixail Mesxi adına stadionun meydançası təminatla hazırlanıb. Biz bu arenanı saxlamağa ayda 5000 lari ödəyirik. Yunanıstan şirkətidir. Özləri otu doğrayırlar, düzləşdirirlər, gətirib qoyurlar. Əgər aqronom götürsəydim, dərhal deyəcəkdi ki, köməkçi-aqronom lazımdır. Yəni, qohumu. Köməkçi-aqronoma da onu ora-bura aparmağa bir sürücü lazım olacaqdı. Bu yolla 12 nəfər yığılacaqdı. Onların hərəsinə 500 lari də versəydim, bu, 6000 lari edəcəkdi. Mən isə 5000 lariyə stadionu saxlayıram. Üstəlik, təminat da var. Yunanıstan şirkəti ilə əməkdaşlığadək qapılar qarşısındakı ot saralır, korlanırdı. Yunanıstanlı mütəxəssislərin hazırladığı ot örtüyünün siz də şahidi oldunuz. Ot örtüyü göstəricidir. İstənilən meydanda topun maneəsiz hərəkətini gördükdə zövq alırsan. Demək istəyirəm ki, SOCAR bizim üçün böyük tərəfdaşdır. Bu şirkət Gürcüstan futbolunun dirçəlişində böyük rol oynayıb. Arxanda pul ödəməyə hazır insanların olduğunu görəndə onlar arasından seçim edirsən. Ona görə də biz ən yaxşısını seçmişik. Yığmamızın baş məşqçisi Temuri Ketsbaya da həmişə bunu qeyd edir. O, futbolçulara deyir: “Ayılın, uşaqlar. Görün, Azərbaycan Gürcüstanda nələr edir. Onlar gəliblər və bizim ölkədə yüksək keyfiyyətli iş görürlər”.
 
- SOCAR bu il daha hansı stadionları tikəcək?
- Stadionlardan biri Zuqdididə, digəri isə Mixail Mesxi adına stadionun yanında olacaq. Bu, 5000 nəfərlik məşq meydançası olacaq. Orada Gürcüstan çempionatının oyunlarını da keçirmək mümkün olacaq. Açığı, dövlət hazırda bizi o qədər yükləyib ki, deyirlər: “Götürün pulu, tikin, qurun”. Bu halda SOCAR da bizdən nə vaxt işə başlamalı olduqlarını soruşur. Cavab veririk: “Gözləyin”. Yaxşı tərəfdaş və baş sponsor seçimi çox şeydən xəbər verir. Bu, gələcək işlərinin necə gedəcəyini müəyyənləşdirir. Əgər dövlət pis meydançalar hazırlasaydı və necə qənaət etməyi düşünsəydi, mən SOCAR-ın qapısı önündə dayanıb, “Uşaqlar, birini də hazırlayın” deyərdim. Amma indi bu, mənə lazım deyil. SOCAR özü yenə meydança hazırlamaq istədiklərini bildirir. Mən isə “Gözləyin, yenisini hazırlamağa da vaxtımız olacaq” söyləyirəm. Vanakliyada dəniz sahilində böyük baza hazırlamışıq. Yayda Azərbaycan komandaları da ora gələcək. Onlardan 2-si təbii, 1-i süni örtüklüdür.
 
- Avropa çempionatı üçün lazımi qədər tamaşaçı tutumuna malik stadionlar hazırlamaq mümkün olacaqmı?
- 2020-ci il qitə çempionatı üçün iki 50 min nəfərlik, üç 40 min nəfərlik, dörd 30 min nəfərlik stadion olmalıdır. Bu, minimumdur. Amma bu o demək deyil ki, 9 stadion kifayət edəcək. UEFA daha 3 stadion və ehtiyat arenanın da gərəkliyini bəyan edib. Ona görə də Azərbaycanla Gürcüstanın hərəyə 6 stadion tikməsi vacibdir. Neçə stadionun lazım olacağını isə Azərbaycan tərəfi ilə danışıqlardan sonra müəyyənləşdirəcəyik.
 
- Bəs bu qədər böyük ölçülü stadionları Avropa çempionatından sonra saxlaya biləcəksinizmi?
- Artıq burada tam başqa maraq lazım gələcək. Söhbət marketinqdən gedir. Mənim bununla bağlı çox yaxşı layihəm var. Onu hökumətin müzakirəsinə təqdim etməliyəm. Bu sistem normal işləsə, insanlar oyunlara gələcəklər. Bilirsiniz, Avropada futbola baxmağa ona görə gedirlər ki, orada komfortdur. Bəs bizdə nəyə görə gedirlər? Söyüş söymək üçün. Avropada isə ailəvi gəlirlər, oyunadək kafeyə gedirlər, oyundan 3-4 saat əvvəl və sonra vaxtlarını səmərəli keçirirlər. Mədəniyyət amili var ki, bu da hazırda Gürcüstanda çox azdır. Hansı futbolçuda nə görsələr, “mənə bağışla” deyirlər. Hədiyyə yox, get özün al. İnsanları almağa öyrətsək, bu, böyük effekt verə bilər.
 
- Türkiyə artıq bütün diqqətini İstanbul şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyinə yönəldib. Bu baxımdan, Avropa çempionatından imtina etsələr, Azərbaycan və Gürcüstanın qalib olma şanslarını necə dəyərləndirirsiniz?
- Bayaq qeyd etdiyim kimi, Avropa çempionatını birgə təşkil etmə ideyası sizdən gəlib. Sadəcə, son anadək çempionata namizədlik vermə şansını əldən vermək istəmirdik. İstanbulun olimpiada uğrunda mübarizədə qalib olmaq üçün yüksək şansları var. Buna nail olsalar, bizim Avropa çempionatını təşkil etmə şansımız digər namizədlərdən yüksək olacaq. Çünki Uels, İrlandiya və Şotlandiyanın birgə namizədliyi futbolun inkişafı baxımından elə də səmərəli deyil. Bu ölkələrdə onsuz da hər şey görülüb. UEFA isə bizim kimi ölkələrə kömək edir. Mən UEFA-ya 2 məktub göndərmişəm: Azərbaycanla birgə və Gürcüstan ayrıca. Çox ümid edirdim ki, Azərbaycan da Gürcüstanla birgə namizədliyini verəcək. Digər tərəfdən, futbol üzrə Avropa və ya dünya çempionatı olimpiadadan daha üstün yarışdır. Dünyada birinci yerdə “Formula-1”, ikinci yerdə isə futbol üzrə dünya və ya Avropa çempionatları gedir. Bizim çox yaxşı şanslarımız var. Deyə bilərəm ki, autsayder deyilik. UEFA və FİFA-nın kiçik ölkələrdə futbolu inkişaf etdirmək üçün müəyyənləşdirdiyi proqrama əsasən hərəkət edəcəyik. Azərbaycanlı həmkarlarımla söhbətimdə bunu qabardacağam. Türkiyə, yaxud 3 ölkə birgə qalib olsa, bu, futbolun inkişafına hansı təsiri göstərəcək? Avropa çempionatının təşkilatçılığını bizə verməlidirlər, bizə! Nəyə görə 2022-ci il dünya çempionatı Qətərdə keçirilə bilir, bizdə yox? Bu mənada yaxşı videomüraciət hazırlamalıyıq, aksenti düzgün vurmalıyıq, şəhərləri düzgün seçməliyik, açılış mərasimi və şounu necə keçirməli olduğumuzu müəyyənləşdirməliyik, yollar, yeməklər və digər amillərə diqqət yetirməliyik.
 
- Birgə namizədliyiniz keçsə, açılış, yoxsa final matçının Gürcüstanda olmasını istərdiniz?
- Mən? Mən 4 stadion istəyirəm. 17 yaşlılardan ibarət yığmamız son Avropa çempionatında yarımfinaladək irəlilədi. Belə komandanın daha da inkişafı üçün onların yaxşı klublarda oynaması, yaxşı əmək haqqı alması, məşq şəraiti lazımdır. Bunlar isə azdır. Nəyə görə 2020-ci il Avropa çempionatını keçirmək istəyirik? Çünki gənc nəsil nəyə can atmalı olduğunu anlasın. 1997 – 2000-ci il təvəllüdlü futbolçular məhz həmin çempionatda oynayacaqlar. Onların hazırda 12 – 15 yaşları var. Stadionları da 28 – 32 yaşlılar yox, onlar üçün hazırlayırıq. Azərbaycan və Gürcüstan futbolunun inkişafı budur.
 
- Azərbaycanda böyük yarışlardan bu il 17 yaşadək qızlar arasında dünya çempionatı və 2017-ci ildə gənclər arasında Avropa çempionatı keçiriləcək. Bəs Gürcüstanda 2020-ci ilədək hansı böyük yarışların keçirilməsi nəzərdə tutulub?
- Sizin təcrübənizlə razılaşacağıq. Bizi öyrədərsiniz. Axı çempionatı birgə keçirmək istəyirik. Qızlar arasındakı dünya çempionatına biz də gəlib baxacağıq. Gürcüstanda da müxtəlif yaş qrupları üzrə Avropa çempionatının elit-raundunu keçiririk. İndiyədək İngiltərə, İspaniya, Ukrayna kimi böyük yığmaları elit-raundda qəbul etmişik. Onlar bizə təşkilati, nəqliyyat, yemək, mehmanxana sarıdan yüksək qiymət veriblər. Biz hədəfə doğru yavaş-yavaş gedirik. Söz verirəm ki, biz də təcrübə yığacağıq.
 
- Nəyə görə Azərbaycan və Gürcüstan yığmaları çox az yoldaşlıq görüşləri keçirir?
- Hər dəfə nəsə alınmır. Biz çox istəyirik. Amma danışa bilmirik. Siz Yaponiya kimi böyük ölkələri seçirsiniz. Bilirsiniz, biz balaca ölkələrik. Hardansa xal qazanmağa çalışırıq.
 
- Yığmanızın baş məşqçisi Temuri Ketsbaya da Azərbaycan çempionatında çıxış edən gürcüstanlı legionerlərdən heç birini oyunlara çağırmır. Yalnız bir dəfə Georgi Adamiyanı dəvət etmişdi, amma oyunadək heyətdən kənarlaşdırdı...
- Bilirsiniz, o, Türkiyə ilə son oyunumuza Gürcüstan çempionatından cəmi 1 futbolçu dəvət etdi. Həmin oyunçu da qapıçı idi. Ketsbaya müxtəlif futbolçuları sınaqdan çıxarır. Hazırda bizdə nəsildəyişmə prosesi gedir. Bütün yaşlı futbolçulardan imtina edir, yalnız gəncləri götürürük. Avqustun 18-də keçirəcəyimiz yoldaşlıq görüşünə onurğa sütununu dəvət edə bilər. Amma mən baş məşqçinin işinə qarışmıram. O da mənim işimə qarışmamalıdır.
 
- Bilirsinizmi ki, Azərbaycan Premyer Liqasından Avropa kuboklarına vəsiqə qazanan 4 komandanın baş məşqçilərindən yalnız 1-i əcnəbidir, o da gürcüstanlı Kaxaber Tsxadadze?
- Bəli, bilirəm. Bu, yaxşı haldır. Tsxadadzeyə afərin! O bir qədər çılğın oğlandır, amma mütəxəssisdir. Sözsüz ki, ölkənizi sevir və çoxdandır Azərbaycanda işləyir, futbolunuz üçün çox iş görür. Əvvəllər bizim olimpiya yığmamıza rəhbərlik edirdi.
 
- Ümumiyyətlə, Gürcüstan yığmasına baş məşqçi seçimində yerli mütəxəssisə üstünlük verməyiniz nə ilə əlaqədardır?
- Məgər bu, pis haldır? Mən federasiya prezidenti seçilərkən, baş məşqçi Ektor Kuper idi. O, daha bir oyunda yığmanın sükanı arxasında olduqdan sonra istefaya göndərdim. Onunla görüşümdə dedi ki, futbolçular cəsarətli oynamırlar, pulu, zədə almamağı düşünürlər. Bilirsiniz, əvvəllər mən və mənim həmyaşıdlarım oynayanda ideya, ölkə üçün oynayırdılar. “Neftçi”, Tiflis “Dinamo”su və “Ararat” arasındakı oyunları xatırlayın. Biz meydanlarda döyüşürdük. Azərbaycan komandasına 20 dəfə uduza bilərdik, amma Ermənistan klubuna uduzmağa haqqımız yox idi. Məğlubiyyət biabırçılıq sayıla bilərdi. Sanki həyatımız uğrunda vuruşurduq. Amma 1990-cı illərdə elə futbolçularımız vardı ki, onlarla Avropa və ya dünya çempionatlarının final mərhələlərində oynaya bilərdik. Təəssüf ki, kollektiv yox idi. Hamı özünü fikirləşirdi. Portuqaliya millisində Luiş Fiqunun oynadığı dövrü xatırlayın. Heç nə edə bilmədilər. Təəssüf ki, bu, bəxtsizlik sayılır. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.