4 iyun 2012 17:15
Yığma komandanın baş məşqçisi qovuldu
Futbol üzrə Özbəkistan yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Özbəkistan Futbol Federasiyası baş məşqçi Vadim Abramovu postundan uzaqlaşdırıb.
Buna özbəklərin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İrana məğlubiyyəti səbəb olub. Maraqlıdı ki, seçmə mərhələnin ilk üç matçında uğurlu çıxış edən özbəklər bu matçda da ən azı heç-heçəyə yaxın idilər. Lakin 90+4-cü dəqiqədə buraxılan yeganə qolla iranlılara məğlub olmalarından qəzəblənən federasiya prezidenti Mirebrar Usmanov Abramovu postundan uzaqlaşdırmağa qərar verib.
Artıq Abramovu kimin əvəzlədiyi də müəyyənləşib. Belə ki, ÖFF rəhbərliyi elitada liderlik edən, Asiya Çempionlar Liqasında aldığı ardıcıl qələbələrlə 1/4 finala qədər irəliləyən “Bunyodkor”un çalışdırıcısı Mircəlal Qasımovu millinin sükanı arxasına gətirib. Maraq üçün onu da qeyd edək ki, Vadim Abramov 2010-cu ilin martında məhz Mircəlal Qasımovun əvəzində millinin baş məşqçisi təyin olunmuşdu.
