4 iyun 2012 21:07
Millimiz Gürcüstanla final matçından məğlub ayrıldı (YENİLƏNİB)
Bu gün AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən ikinci “Caspian Cup” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycan yığması ilə yanaşı Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın müvafiq yığma komandası iştirak edirdi.
Qrup mərhələsinin ardınca sonuncu olmamaq uğrunda Qırğızıstan və Yaponiya mübarizə aparmalı olub. Yaponlar üç cavabsız qolla qalib gələrək, turnirin ən zəifi olmaqdan yaxa qurtarıblar.
Qruplarında üçüncü olan Litva ilə Türkiyə də 5-ci yer uğrunda qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı heç-heçə bitib. Belədə penaltilər seriyasına müraciət olunub ki, zərbələri daha dəqiq yerinə yetirən litvalılar 5-ci yerə sahib çıxıblar.
Bürünc medal uğrunda matçda Qazaxıstanla Özbəkistan qarşılaşıb. Bu oyunda da əsas vaxt heç-heçə başa çatıb. Penaltilərdə isə özbəklər gülən tərəf olublar.
Azərbaycan yığması isə finalda Gürcüstanla üz-üzə gəlib. Qarşılaşmanın sonlarında vurulan yeganə qol gürcülərə baş mükafatı qazandırıb. Təbriz Həsənovun yetirmələri isə gümüş medallarla kifayətləniblər.
Caspian Cup
4 iyun
7-ci yer uğrunda oyun
Qırğızıstan – Yaponiya – 0:3
5-ci yer uğrunda oyun
Litva - Türkiyə - 2:2 (penaltilərlə 4:2)
3-cü yer uğrunda oyun
Qazaxıstan - Özbəkistan - 2:2 (penaltilərlə 3:5)
Final
Azərbaycan - Gürcüstan - 0:1
Qol: Baramidze, 72.
