4 iyun 2012 00:08
Galatasaray mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxdı
Məlum olduğu kimi, ötən gün I Qəbələ Kubokunun qalibi müəyyənləşdi. Azerisport.az xəbər verir ki, turnirin qalibi olan “Galatasaray” mükafatına qovuşdu.
Serbiya yığmasını məğlub edən “Cim-Bom”un U-15 komandası Qəbələ şəhər stadionunu dolduran azərbaycanlı azarkeşlərin dəstəyinə özünəməxsus şəkidə qarşılıq verib. Belə ki, “Galatasaray”lı futbolçular mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıblar.
Təltifetmə mərasimində əvvəlcə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Ardından komandalar medallar və xatirə hədiyyələri alıblar. AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov ilk 3 yerin sahiblərinə medallar veriblər. “Galatasaray”a kuboku isə “Qəbələ”nin prezidenti Tale Heydərov təqdim edib.
