4 iyun 2012 12:26
Galatasaray Qəbələdə hamıdan güclü oldu (FOTOLAR)
Xəbər verdiyimiz kimi, “Qəbələ” Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil etdiyi 1-ci Qəbələ kuboku beynəlxalq turniri başa çatıb. Azerisport.az xəbər verir ki, İspaniyanın “Villareal” və “Levante”, Türkiyənin “Galatasaray”, Hollandiyanın “Feyenoord”, Danimarkanın “Bröndbü” klublarının, Serbiyanın müvafiq yaş qrupundan ibarət yığma komandasının, həmçinin “Qarabağ” və “Qəbələ” klublarının iştirak etdiyi turnirin qalibi “Galatasaray” olub. Türkiyə təmsilçisi finalda Serbiya yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “Galatasaray” 4:2 hesabı ilə qalib gəlib.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Turniri ikinci yerdə başa vurmuş Serbiya yığmasına və üçüncü pillənin sahibi «Levante» klubuna mükafatlar AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən verilib. Turnirin qalibi «Qalatasaray» klubuna isə kuboku «Qəbələ» Futbol Klubunun prezidenti Tale Heydərov təqdim edib. (AFFA)
