5 iyun 2012 14:15
Bakıdan Bandoviçlə bağlı rəsmi açqlama
"Bakı" futbol klubunda yeni təyinat gerçəkləşib. Azerisport.az xəbər verir ki, uzun illər müxtəlif klublarda məşqçilik fəaliyyəti ilə məşğul olan təcrübəli çernoqoriyalı (Monteneqro) mütəxəssis Bojidar Bandoviç idman direktoru vəzifəsinə təyin olunub. Artıq bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib.
Bandoviç 1969-cu ildə keçmiş Yuqoslaviyanın (hazırda Monteneqro) Nikşiç qəsəbəsində anadan olub. 17 yaşında futbolçu karyerasına "Sent-Luis steamers" klubunda başlayıb. İki il ABŞ-da futbol oynayan Bojidar vətənə qayıdaraq Yuqoslaviya 2-ci liqasının "Sutjeska" klubunda çıxış edib.
1992-94-cü illərdə "Crvena Zvezda" heyətinə cəl olunan Bojidar Yuqoslaviya çempionu və ölkə kubokunun qalibi titullarını qazanıb.
1994-cü ildən Yunanıstana dəvət alan Bandoviç, təxminən, 20 ilə yaxın bu ölkənin "Etnikos", "Paniliskos", "Olimpiakos", "PAOK" klublarında çıxış edib. 1997-98-ci illərdə "Olimpiakos"la Yunanıstan çempionu olub, UEFA Çempionlar Liqasında debüt edib. Bir il sonra isə "PAOK"la UEFA kubokunda oynayıb.
Yuqoslaviyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında 20 oyun keçirib.
2003-cü ildən etibarən məşqçilik karyerasına start verən Bandoviç əmək fəaliyyətinə Birləşmiş Ştatların Hyüston şəhərində başlayıb. 2 il Amerikada çalışan məşqçi 2004-2005-ci illərdə Yunanıstan ikinci liqasının "Akratitos" və "Kerkiriya" klublarında ikinci məşqçi kimi çalışıb.
Bandoviçin 2005-11-ci illər karyerası Yunanıstanın "Olimpiakos" klubu ilə bağlıdır. 6 il müddətində Takis Lemonis, Joze Segura, Ernesto Valverdo, Timur Ketsbaya və Zikonun baş məşqçili altında analitika, skaut xidmətləri, məşqçi köməkçisi kimi çalışan Bandoviç baş məşqçi əvəzi kimi də fəaliyyət göstərib.
2011-12-ci illərdə birinci liqada mübarizə aparan "Kerkira" klubunun baş məşqçisi olub.
2003-cü ildə UEFA-nın B, 2005-cı ildə A, 2010-cu ildə isə UEFA-nın PRO lisenziyasına (Holland fəlsəfəsi üzrə) layiq görülüb.
"Olimpiakos"la Yunanıstan çempionu, Yunanıstan kubokunun qalibi, Super kubokun qalibidir, 2007-2008, 2009-2010-cu illərdə UEFA Çempionlar liqasında 1/16 final mərhələsinə qədər irəliləyən "Olimpiakos"un məşqçilər korpusunda yer alıb.
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun imzaladığı əmrə əsasən, Bojidar Bandoviç 2012-ci ilin iyun ayında etibarən seleksiya, metodika, analitika, skaut xidmətlərinin təşkili ilə məşğul olacaq.
